...

Azərbaycanda 6 mindən çox şagird Avropa Oyunları ilə əlaqədar keçirilən yarışlarda iştirak edəcək

Baku 2015 : EUROGAMES Materials 27 Aprel 2015 15:12 (UTC +04:00)
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliği məqsədilə təşkil olunan yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
Azərbaycanda 6 mindən çox şagird Avropa Oyunları ilə əlaqədar keçirilən yarışlarda iştirak edəcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliği məqsədilə təşkil olunan yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, kütləvi idman tədbirləri mayın sonunadək davam edəcək.

Aprelin 24-dən 27-dək Xaçmazda atletika, Şəmkirdə güləş, Şirvanda karate, Qusarda cüdo və Cəlilabadda basketbol üzrə zona yarışları keçirilib.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən atletika üzrə zona yarışında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının və Sumqayıt şəhərinin komandaları mübarizə aparıblar. 1-ci yeri Xaçmaz rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri isə Qusar rayonunun komandaları tutublar.

Şəmkir Olimpiya İdman Kompleksində isə güləş üzrə zona yarışları davam etdirilib. Yarışlarda idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində (sərbəst güləş: 26, 32, 38, 47, 59 kq; yunan-Roma güləşi: 23, 29, 35, 42, 53 kq) mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə respublikanın 18 şəhər və rayonundan 178 güləşçi qatılıb.

Şirvan şəhərində karate idman növü üzrə zona yarışları keçirilib. Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda Şirvan şəhərinin, Sabirabad, Ucar, Beyləqan, Xocəvənd, Ağcabədi, Zərdab və Laçın rayonlarının komandaları iştirak ediblər. Yarışlarda 150 nəfərdən artıq idmançı karatenin Şotokan və Qocyu-ryu növü üzrə mübarizə aparıb. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xocavənd, 2-ci yeri Zərdab, 3-cü yeri Laçın, Qocyu-ryu növü üzrə isə 1-ci yeri Şirvan şəhərinin, 2-ci yeri Beyləqan rayonunun, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar.

Qusar Olimpiya İdman Kompleksində isə cüdo üzrə zona yarışına start verilib. Yarışda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı rayonlarından və Sumqayıt şəhərindən 92 məktəbli iştirak edib. Komanda hesabında 1-ci yeri Qusar rayonunun, 2-ci yeri Şabran rayonunun, 3-cü yeri Sumqayıt şəhərinin komandaları tutublar.

Cəlilabad rayonunda basketbol idman növü üzrə keçirilən zona yarışına 10 rayonun komandası qatılıb. Gərgin mübarizə şəraitində keçən görüşlərin nəticələrinə əsasən, 1-ci yeri Cəlilabad, 2-ci yeri Salyan rayonunun, 3-cü yeri Lənkəran rayonunun komandaları tutublar.

Zona yarışlarının qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.

Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsi və idmanın rolunu artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti