...

Bakı-2015 triatlon üzrə ilk tarixi yarışa ev sahibliyi edir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 May 2015 19:58 (UTC +04:00)
İyunun 12-də başlayacaq Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı-2015 Bilgəh çimərliyində triatlon idmanı üzrə ilk yarış təşkil olundu.
Bakı-2015 triatlon üzrə ilk tarixi yarışa ev sahibliyi edir (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

İyunun 12-də başlayacaq Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı-2015 Bilgəh çimərliyində triatlon idmanı üzrə ilk yarış təşkil olundu.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, 13 idmançının mübarizə apardığı yarış Bakı-2015 və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi.

Qeyd edək ki, Azərbaycan Triatlon Federasiyası 2013-cü ildə, Bakı şəhəri Birinci Avropa Oyunlarının ev sahibi seçiləndən bir neçə ay sonra təsis olunub.

Turnirin təşkili ilə bağlı həm iştirakçılar, həm də Avropa Triatlon Birliyinin (ATB) texniki nümayəndələri müsbət rəy veriblər. ATB-in texniki nümayəndəsi Xorxe Qarsiya bu xüsusda bildirib: "Yarış yüksək səviyyədə keçirildi. Arena isə möhtəşəmdir. Həm əsas yarışlardan əvvəl bununla bağlı bütün detalları sınaqdan keçirmək imkanımız olduğu üçün, həm də nəticədən məmnunuq. Artıq Bakı-2015 Avropa Oyunları çərçivəsində triatlon yarışlarının keçiriləcəyi günü səbirsizliklə gözləyirik".

Bakı-2015-in idman şöbəsinin direktoru Pirs O'Kallaqan bunları əlavə edib: "Triatlon Azərbaycan üçün yeni, lakin inkişaf edən idman növüdür və Avropa Oyunları ərəfəsində bu yarış bizi maraqlandıran bütün məsələlərə dair hazırlığı yoxlamağa, sınaqdan keçirməyə şərait yaratdı. Təchizat və loqistikadan tutmuş nəqliyyata və tibbi yardıma qədər bütün məsələlərə dair hazırlığın plana uyğun aparıldığını qətiyyətlə qeyd edə bilərəm. Bilgəh çimərliyində yarışın keçirilməsi üçün gözəl şərait yaradılmışdı və Bakı 2015-in ən diqqətçəkən yarışlarından birinin triatlon olacağına əminəm".

Bakı-2015 Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. 65-i kişi və bir o qədəri də qadın olmaqla, cəmi 130 idmançı mübarizəyə qoşulacaq. Qadınların mübarizəsi iyunun 13-nə, kişilərin isə iyunun 14-nə nəzərdə tutulub. Qaliblər Birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, təmsil etdiyi milli olimpiya komitəsinin 2016-cı il Rio Yay Olimpiya Oyunlarında iştirakını təmin etmiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti