...

FHN I Avropa Oyunları ilə bağlı bəzi obyektləri tam mühafizəyə götürüb

Baku 2015 : EUROGAMES Materials 13 May 2015 14:15 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinin mühafizəsi üzrə gücləndirilmiş iş rejiminə keçib.
FHN I Avropa Oyunları ilə bağlı bəzi obyektləri tam mühafizəyə götürüb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyi (FHN) I Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinin mühafizəsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Trend xəbər verir ki, bunu Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Azərbaycan Dövlət Televiziyasında (AzTV) "Əsas məsələ" proqramının qonağı olarkən deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları ilə bağlı 3 aydan çoxdur ki, bəzi idman obyektləri tam mühafizəyə götürülüb: "Biz "Atletlər kəndi"ni də mühafizəyə götürmüşük. Bizim bir yanğınsöndürən avtomobilimiz orada 24 saat ərzində növbə çəkir. Bakıdan başqa, Mingəçevirdə idmançıların yaşadıqları yerlər də mühafizəyə götürülüb. Hər gün həmin obyektlərdə üzə çıxan nöqsanlar və qarşıya duran vəzifələrin həlli üçün yollar axtarılır. Mayın 9-da keçirilən hazırlıq tədbirində də qarşıya qoyulan məqsədə nail olunub. Biz Bakı Olimpiya stadionunu qurudan, havadan və sudan mühafizəyə götürmüşük. Hər hansı hadisə baş verərsə, ora iki vertolyot cəlb edəcəyik. Əlavə olaraq canlı qüvvə və texnikamız da cəlb olunacaq".

Nazir müavini qeyd edib ki, bundan başqa, qonaqların qaldığı otellerdə də monitorinqlər aparılır: "Onların texniki personalını gündəlik təlimlərə cəlb edir, maarifləndirmə işləri aparırıq. Həmin otellərə canlı qüvvə və texnikamız cəlb olunacaq".

E.Mirzəyev I Avropa Oyunları zamanı kimliyindən asılı olmayaraq hər bir insanın böhranlı vəziyyətlərlə bağlı hansı nömrələrə müraciət edə biləcəyini də açıqlayıb: "Bizim "112" və "101" qanyar xətt xidmətlərimiz 24 saat ərzində fəaliyyət göstərir. Bu xidmətlərə Azərbaycan, ingilis, rus dillərində müraciətlər oluna bilər. Onların səhiyyə və polislə bağlı hadisələri də müvafiq qaydada yönəltmək imkanı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti