...

Arzu Nağıyev: Azərbaycana qarşı etimadın göstərilməsi bəzi beynəlxalq dairələri narahat edir

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 14:18 (UTC +04:00)
İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi haqda qərarın verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzundan xəbər verir. Avropa Oyunlarına müsəlman dövlətinin ev sahibliyi etməsi Azərbaycanın nüfuzu deməkdir.
Arzu Nağıyev: Azərbaycana qarşı etimadın göstərilməsi bəzi beynəlxalq dairələri narahat edir

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

"İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzundan xəbər verir. İlk Avropa Oyunlarına müsəlman dövlətinin ev sahibliyi etməsi Azərbaycanın nüfuzu deməkdir".

Trend-in məlumatına görə, bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi icmalçı Arzu Nağıyev Azərbaycanın nüfuzlu hüquq müdafiə təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunları ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib.

A.Nağıyevin sözlərinə görə, təbii ki, ölkəmizə bu cür etimadın göstərilməsi bəzi beynəlxalq dairələri narahat etməyə bilməzdi: "Bu baxımdan da ilk Avropa Oyunları yaxınlaşdıqca, ölkəmizə qarşı qarayaxma kampaniyası, bu Oyunları gözdən salmaq cəhdləri güclənir. Əlbəttə bu gözlənilən idi. Lakin bütün qarayaxma cəhdlərinə baxmayaraq 49 dövlətin 6 mindən çox idmançısı, 100 minlərlə turist, 10 minlərlə könüllü bu yarışlara qatılmaq üçün öz razılığını verib".

A.Nağıyev vurğulayıb ki, Azərbaycana qarşı qarayaxma aparan dairələrin ölkəmizdə guya insan hüquqlarının, söz azadlığının pozulmasını gündəmə gətirməsi sadəcə bir bəhanədir: "Azərbaycanda artıq çoxdan azad cəmiyyət formalaşıb, azad mətbuatın fəaliyyəti təmin edilib. Ölkədə çoxlu sayda mətbuat qurumları sərbəst şəkildə fəaliyyət göstərir, internetə, o cümlədən sosial şəbəkələrə çıxış heç bir məhdudiyyət olmadan təmin edilib. Belə olan halda Azərbaycanı bu arqumentlərlə ittiham etmək tamamilə əsassızdır".

A.Nağıyev bildirib ki, hər zamankı kimi, bu dəfə də bu səylərin heç bir nəticəsi olmayacaq: "Çünki Azərbaycan müstəqil və güclü dövlətdir və bu cür absurd ittihamlarla ölkəni nəyəsə təhrik etmək mümkünsüzdür".

A.Nağıyev qeyd edib ki, London Olimpiadasından əvvəl də 4 minə yaxın şikayət məktubu daxil olmuşdu, müxtəlif mitinqlər və etiraz aksiyaları təşkil edilirdi: "Lakin bütün bunlara baxmayaraq, Olimpiada Oyunları yüksək səviyyədə baş tutdu".

İlk Avropa Oyunlarının ölkəmiz üçün faydalarından danışan A.Nağıyev vurğulayıb ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları çox genişmiqyaslı və beynəlxalq əhəmiyyətli bir tədbirdir. Onun sözlərinə görə, bu, hər şeydən əvvəl ölkənin nüfuzudur, beynəlxalq aləmdə daha da tanınmasıdır. A.Nağıyev həmçinin dünyada bu cür böyük tədbirlərin ölkələr üçün faydalarından da nümunə gətirib: "Barselona şəhəri 1992-ci ilə qədər, yəni Yay Olimpiya Oyunlarına ev sahibliyi edənə qədər bir o qədər tanınmırdı. Lakin oyunlardan sonra Barselona dünyanın böyük idman mərkəzinə çevrildi, artıq dünyanın ən bahalı idman klublarının yerləşdiriyi bir yerdir".

Qeyd edək ki, Azərbaycanın nüfuzlu hüquq müdafiə təşkilatlarının təşəbbüsü və tanınmış Trend Beynəlxalq İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiə təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər.

"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub. Müraciətdə Avropa Oyunları ilə bağlı Azərbaycana qaraşı aparılan qarayaxma kampaniyası pislənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti