...

Arzu Nağıyev: Birinci Avropa Oyunları Azərbaycana böyük nüfuz gətirən hadisədir (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 30 May 2015 13:13 (UTC +04:00)
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti barədə İctimai Televiziyaya müsahibə verib.
Arzu Nağıyev: Birinci Avropa Oyunları Azərbaycana böyük nüfuz gətirən hadisədir (VİDEO)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Elçin Mehdiyev/

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti barədə İctimai Televiziyaya müsahibə verib.

Trend-in məlumatına görə, A.Nağıyev müsahibəsində bildirib ki, bu böyük tədbirə ev sahibliyi etmək Azərbaycana böyük nüfuz gətirən bir hadisədir: "Təsəvvür edin ki, əgər Avropa dövlətlərinin birinci oyununa ev sahibliyini müsəlman dövləti edirsə, bunun özü böyük qələbədir. Eyni zamanda, 49 ölkədən 6 minə yaxın idmançını dəvət etmək, onların belə yarışını təşkil etmək, əlbəttə, bir nüfuzdur və bunu yüksək səviyyədə keçirmək bir daha Azərbaycanın istər iqtisadi cəhətdən, istər siyasi cəhətdən, istərsə də idman sahəsində necə böyük nailiyyətlər əldə etməsini dünyaya göstərməkdir".

A.Nağıyev vurğulayb ki, Oyunlarla bağlı idmançılardan başqa, ölkəmizə yüz minlərlə turistin, eyni zamanda, on minlərlə könüllünün gəlməsi belə anlama gəlir ki, sanki Azərbaycan bir açıq qapı günü elan edir: "Azərbaycan bəyan edir ki, buyurun, bu bizik və biz bu işlərə qadirik, bu Oyunları keçirmək iqtidarındayıq. Bu baxımdan, əlbəttə, birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük nailiyyətdir, qələbədir. Düşünürəm ki, 14 gündən sonra bu həyəcan öz kulminasiya nöqtəsinə çatar və bütün dünya görər ki, Azərbaycan həqiqətən də nəyə qadirdir".

O, qeyd edib ki, birinci Avropa Oyunları həm də Azərbaycan üçün böyük bir təbliğatdır: "Dağlıq Qarabağ və digər məsələlərin təbliğatı. Təsəvvür edin ki, nə qədər jurnalist, akkreditasiyası olan xarici təşkilatlar burada iştirak edəcək. Artıq görürsünüz ki, şəhərdə nə qədər turist var. Bunların hərəsi Azərbaycan haqqında, Azərbaycanın problemləri, nailiyyətləri haqqında bir fikir yürütsə, müxtəlif məsələlər öz yerini tuta bilər. 14 gündən sonra biz bunun şahidi olacağıq".

A.Nağıyev bildirib ki, son bir ayda hiss olunur ki, Bakıda başqa bir ab-hava yaşanır: "İnsanlar böyük bir bayramı gözləyirlər. Vaxt yaxınlaşdıqca, təbii ki, həyəcan da artır".

Trend-in baş direktorunun müavini əlavə edib ki, Oyunlarla bağlı təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir: "İdman yarışlarının keçiriləcəyi arenalar tam qorunmağa başlanılıb. Eyni zamanda, Azərbaycan hüquq-mühafizə orqanlarının üzərinə böyük məsələlər qoyulur. Daxilir İşlər Nazirliyinin verdiyi bəyanatdan da məlum oldu ki, 24-25 min polis nəfəri bu işlərə cəlb olunub. Bundan əlavə, digər hüquq-mühafizə orqanları da bu işə cəlb olunub".

A.Nağıyev təhlükəsizlik baxımından Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi zaman görülən işlərdən də misal gətirib: "Yadınızdadırsa, "Eurovision" zamanı necə qorunurdu və müəyyən təxribatların qarşısı alındı".

Siyasi şərhçi vurğulayıb ki, bu gün hüquq-mühafizə orqanları bir koordinasiya mərkəzi yaradıb və təhlükəsizlik məsələləri həmin koordinasiya mərkəzindən tam idarə olunur: "Hamı tam əmin ola bilər ki, bu, sona qədər də belə olacaq. Bu imtahandan da alnıaçıq çıxa biləcəyik".

A.Nağıyev əlavə edib ki, birinci Avropa Oyunları bütün Azərbaycan xalqının tədbiridir və hər bir azərbaycanlı, Azərbaycan vətəndaşı, xaricdə yaşayan azərbaycanlı da bu tədbiri yüksək səviyyədə keçirmək üçün əlindən gələni etməlidir.

O bildirib ki, hər kəs təhlükəsizlik məsələsinə də öz töhfəsini verməlidir: "Yəni hər hansı bir şübhəli məqam varsa, bu barədə koordinasiya mərkəzlərinə müraciət edilməlidir".

A.Nağıyev Oyunlar zamanı informasiya təhlükəsizliyi, o cümlədən sosial şəbəkələrdə saxta profillərin yaranması məsələsinə də münasibət bildirib: "Biz də Trend İnformasiya Agentliyi olaraq, bu işlərə dərindən diqqət yetirməyə başlamışıq. Bir qərargah yaradılıb və burada hər gün Oyunlarla bağlı müəyyən yazılar qoyulur, müəyyən məsələlərə diqqət yetirilir".

O, qeyd edib ki, bəzi saxta profillər olub, ancaq hər saxta profil yarandıqca bunun qarşısını alan böyük kütlə var: "Bu kütlə də azərbaycanlılardır, Azərbaycan gəncləridir. Bu gənclərin yaratdığı profillərin qoyduğu arqumentlər o qədər güclü olur ki, saxta profillər gözə dəyə bilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti