...

Azərbaycan gəncləri hökumətə təhlükəsiz idman üzrə bəyannaməni təqdim ediblər

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 20:48 (UTC +04:00)
Bakıda I Avropa Oyunları çərçivəsində gənclər üçün “Yeniyetmələrin Təhlükəsiz və İnkluziv İdman haqqında Bəyannaməsi"nin təqdimat mərasimi keçirilib.
Azərbaycan gəncləri hökumətə təhlükəsiz idman üzrə bəyannaməni təqdim ediblər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Azad Həsənli/

Bakıda I Avropa Oyunları çərçivəsində gənclər üçün "Yeniyetmələrin Təhlükəsiz və İnkluziv İdman haqqında Bəyannaməsi"nin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, UNICEF-in Uşaq Fondunun və Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə təqdim olunan bəyannamə yeniyetmələrin ölkədə təhlükəsiz və inkluziv idmandan istifadə imkanlarını yaxşılaşdırmaq, yeniyetmə və gəncləri idman və gənclərə dair siyasət, proqram və strategiyaların hazırlanmasına cəlb etməklə bağlı tövsiyələrdən ibarətdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə deyib ki, I Avropa Oyunlarına hazırlıq çərçivəsində ölkənin idman infrastrukturu yenilənib və gənclərin Oyunlardan sonra onlardan istifadə etməsi vacibdir: "Xüsusilə, söhbət sağlamlığı məhdud imkanlı gənclərdən gedir. Hökumət onların idmanla məşğul olmaları, eləcə də idman və təhsildə bərabər hüquqlara malik olmaları üçün səy göstərir. İnanırıq ki, Oyunlardan sonra gənclərimiz bu arenaları boş qoymayacaqlar".

Sonra BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Vilfrid Lemke çıxış edib. O, BMT baş katibinin salamlarını tədbir iştirakçılarına çatdırıb: "Azərbaycan hökumətinin idmanın inkişafı üçün göstərdiyi səyləri alqışlayıram. Azərbaycan idmanı ölkənin regionlarında da əlçatan etməlidir".

Təhsil nazirinin müavini Firudin Qurbanov isə qeyd edib ki, idman və gənclərlə bağlı istənilən tədbirin böyük önəmi var: "Statistikaya əsasən, insan sağlamlığının 53 faizi məhz həyat tərzindən asılıdır. Hər bir ölkə gənclərin idmanla məşğul olması üçün zəruri şərait yaratmağa çalışır".

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq tədbirdə çıxış edərək deyib ki, Avropa Oyunları Bakıda beynəlxalq standartlara uyğun keçiriləcək: "İdman infrastrukturunu planlaşdırarkən onu sağlamlığı məhdud insanlar üçün maksimum əlçatan etməyə çalışırdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti