...

Avropa Oyunları ərəfəsində yol hərəkətinə tətbiq edilmiş məhdudiyyətlərin vaxtı uzadıldı

Baku 2015 : EUROGAMES Materials 1 İyul 2015 12:33 (UTC +04:00)
Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan “Oyunlar zolağı”ndan istifadə həmin ərazidə yerləşdiriləcək yol nişanlarından asılı olacaq.
Avropa Oyunları ərəfəsində yol hərəkətinə tətbiq edilmiş məhdudiyyətlərin vaxtı uzadıldı

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan "Oyunlar zolağı"ndan istifadə həmin ərazidə yerləşdiriləcək yol nişanlarından asılı olacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, avtomobillər yol nişanlarına və nişanlanma xətlərinə uyğun olaraq "Oyunlar zolağı"ndan istifadə edə biləcəklər: "Hansı ərazidə ki, zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları yerindədir, həmin zolaqlarla hərəkət etmək qadağandır və sürücülər bu zolaqlarda tətbiq edilən qaydalara əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər".

K.Əliyev eyni zamanda qeyd edib ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.

K.Əliyev onu da əlavə edib ki, Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtıda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır və yaxın günlərdə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti