...

Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyaya qastrol səfərinə gedir (FOTO)

Mədəniyyət Materials 5 Aprel 2014 12:33 (UTC +04:00)
Aprel ayının 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan vilayəti və Kalmıkiya Respublikasına qastrol səfərinə yola düşəcəkdir.
Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyaya qastrol səfərinə gedir (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Aprel ayının 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan vilayəti və Kalmıkiya Respublikasına qastrol səfərinə yola düşəcəkdir.

Trend-in məlumatına görə, teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə 25 nəfərlik nümayəndə heyəti səfər çərçivəsində P.Turrininin "Axır ki...", Y.Şvartsın "Qırmızı papaq" və R.Ağayevin "Bir gecənin nağılı" tamaşaları ilə çıxış edəcək.

Aprel ayının 8-9-da Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri, aprel ayının 11, 12 və 13-də Kalmıkiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında davam edəcəkdir.

3 teatr direktorları arasında imzalanmış yaradılıcıq müqaviləsinə əsasən həyata keçiriləcək qastrol səfəri aprel ayının 15-də yekunlaşacaqdır.

Məlumat üçün bildirək ki, ölkə başçısının təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına, Azərbaycan və Rusiya Federasiyası Həştərxan vilayəti Mədəniyyət Nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlığa dair sazişə əsasən, ötən ilin sentyabr-oktyabr aylarında Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan vilayəti və Kalmıkiya Respublikasının Elista şəhərində qastrol səfərində uğurla çıxış etmiş, daha sonra noyabr ayında isə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda səfərdə olmuş və teatrımızın səhnəsində çıxış etmişdir.

Sözügedən müqaviləyə əsasən, 2012-ci ilin mart ayında isə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı ölkəmizin qonağı olmuş və 2 müxtəlif tamaşa ilə teatrımızın səhnəsində çıxış etmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərdən sonra bu ilin may ayında Kalmık Milli Dram Teatrını qəbul edəcəkdir. Qonaqlar may ayında 4 gün müddətində 2 müxtəlif tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcəkdir.

Qastrol səfərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti