...

Azərbaycan 46-cı Beynəlxalq Kitab sərgisində (FOTO)

Mədəniyyət Materials 30 Yanvar 2015 23:15 (UTC +04:00)
Misirin Qahirə şəhərində 46-cı Beynəlxalq Kitab sərgisinin açılışı olub.
Azərbaycan 46-cı Beynəlxalq Kitab sərgisində (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Misirin Qahirə şəhərində 46-cı Beynəlxalq Kitab sərgisinin açılışı olub.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan sözügedən sərgidə ilk dəfə olaraq iştirak edir və bu sərgidə ölkəmizi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edir.

Sərginin açılışında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, diaspor üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.

46-cı Beynəlxalq Kitab sərgisinin açılışında iştirak edən Misir Ərəb Respublikasının Baş naziri İbrahim Məhləb və ölkənin bir çox rəsmiləri Azərbaycan pavilyonunu ziyarət ediblər. Baş nazir İ.Məhləb səfir Ş.Abdullayevlə görüşərək, Azərbaycanın ilk dəfə bu sərgiyə qatılması münasibətilə təbrik edib, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

Ümumiyyətlə, Azərbaycan pavilyonu sərgidə iştirak edən Misir ictimaiyyəti nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

Ş.Abdullayev Misirin müxtəlif KİV-nə (OnTv, Nil Mədəniyyət və b.) müsahibə verərək, Azərbaycanın ilk dəfə Misirdə Beynəlxalq Kitab sərgisində iştirak etdiyi barədə məlumat verib, mədəniyyətimizin təbliği istiqamətində həmin sərginin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Azərbaycan pavilyonunda Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, ATM-in nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli kitablar, eyni zamanda, Misirdəki səfirliyimizin dəstəyi ilə tərcümə olunmuş kitablar da nümayiş olunub.

Beynəlxalq Kitab sərgisində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın mədəniyyətini əks etdirən ədəbi-bədii proqramlar təşkil edilib.

Proqram çərçivəsində Nizami Gəncəvidən başlayaraq, müasir dövrə qədər Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif mərhələlərinə toxunulub.

Səfir Ş.Abdullayev Misirin Kitab sərgisinin İdarə heyətinin sədri Əhməd Mücahidlə görüşərək, Beynəlxalq Kitab sərgisində iştiraka görə Misir tərəfinə təşəkkürünü bildib və növbəti illərdə də qarşılıqlı şəkildə hər iki ölkənin sərgilərdə iştirak etməsinin əhəmiyyətindən danışıb.

Ə.Mücahid ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və növbəti illərdə də Azərbaycanı dəvət edəcəklərini qeyd edib. O, bu il sərginin fəxri qonaq statusunda Səudiyyə Ərəbistanı Krallığının olduğunu qeyd edərək, gələn il sərginin fəxri qonaq statusunda Azərbaycanın olmasını təklif edib.

Səfir həmsöhbətinə göstərdiyi qayğıya və diqqətə görə təşəkkürünü bildirərək, Azərbaycanın Misirin beynəlxalq sərgilərində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, eyni zamanda, irəli sürülən təkliflərə Azərbaycan tərəfindən baxılacağını və növbəti görüşlərdə bu müzakirələri davam etdirəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti