...

Ədəbiyyatı şou-biznesə çevirəndə...

Mədəniyyət Materials 30 İyun 2015 11:37 (UTC +04:00)
Ədəbiyyat mayakdır – yol göstərən, xalqı zülmətdən çıxaran, maarifləndirən, ağla qaranı ayırd etməyə kömək edən mayak.
Ədəbiyyatı şou-biznesə çevirəndə...

Bəxtiyar Hacıyev - Trend:

Ədəbiyyat mayakdır - yol göstərən, xalqı zülmətdən çıxaran, maarifləndirən, ağla qaranı ayırd etməyə kömək edən mayak. Ədəbiyyat bir dünyadır və o dünyada tanış olduğum, dostlaşdığım, elə bu gün də dərdləşdiyim, məsləhətləşdiyim, yaddaqalan o qədər obraz var ki... Amma zaman-zaman yeni obrazlara ehtiyac da yaranır. Müasir ədəbiyyatda isə...

Müasir ədəbiyyatda dərdləşəsi, tanış olmağa layiq, yaddaqalan obraz, ümumiyyətlə, əsər yox kimidir, ya da gecə vaxtı iynə axtarmaq kimi bir müşkülə çevrilib sanballı əsər.

Bəs sanballı əsərin araya-ərsəyə gəlməməsinə səbəb nədir? Müşahidələrdən belə qənaətə gəlmək olar ki, yaza bilməmək. Daha doğrusu, yazmaqdan çox, qeyri işlərlə məşğul olmaq. Şairin, yazıçının işi yazmaqdır. Yazdıqca qələm püxtələşir, üslub formalaşır. Lakin həqarət dolu yazılara enerji sərf etmək, içib bir məclisdə özünü iki saat apara bilməmək, nümunə ola bilməmək, sonra da kitabın satılmamasında, oxunmamasında xalqı ittiham etmək, hətta təhqir etmək... Bu, ədəbiyyat deyil, icazə verin, bunun adını "şou" qoyaq.

...Və özündən əvvəlki, sözünü demiş, özünü təsdiqləmiş, ədəbiyyat tarixinə adını həkk etdirmiş yazıçı və şairləri bəyənməmək sindromu... Həm də ortaya sanballı bir əsər qoymadan... Özünə şair, yazıçı deyənlər ədəbiyyat ələyində hələ çox ələnəcəklər və hər "klaviatura əhli" bu ələkdə qala bilməyəcək.

Dostlarımdan birinin bu yaxınlarda belə bir fikrini burada qeyd etməyi məqsədəuyğun hesab edirəm: "Sən get, ye-iç, keflən, ağzına gələni yaz, təbii ki, sənə əhəmiyyət verən olmasın, sonra da de ki, xalq kitab oxumur. Xalq kitab oxumursa, bunun gunahını yazıçılarda axtarmaq lazımdır".

İki-üç əcnəbi klassikin beş-altı əsərini oxuyub milləti sənin avtobioqrafik xarakterli cızma-qaralarını oxumamaqda ittiham etmək, inciməyin məndən, həyasızlıqdır. Axı siz hələ elə də axar-baxarlı, keşməkeşli, ibrət götürüləsi həyat yaşamamısınız. Yaşınız da buna imkan vermir. İndi deyə bilərsiniz ki, şair, yazıçı yaşadıqlarını yazır və yazmalıdır və s. və i.a. Amma bunu da bilin ki, yazıçı başqalarının da taleyini, öz qəlbinin süzgəcindən keçirib başqalarının da hiss-həyəcanını və s. yaşamağı bacarmalıdır. Əbəs yerə deyil ki, bir əsərdə milyonlar özünü tapa bilir. Tapırsa, ədəbiyyat budur, həmin əsər əbədiyyətə qovuşur. Yazıçı öz daxmasındakı sobanın külü ilə oynayıb işini bitmiş hesab etməməlidir.

Ədəbiyyat millətin gözünü açır, tarixin, siyasətin deyə bilmədiyini bəzən və bir çox hallarda ədəbiyyat deyir. Ədəbiyyat milləti təhqir etmir, əgər etsə, heç uzunömürlü ola bilməz. Fəqət bu gün gənc şair və yazıçıların əksəriyyətinin yaradıcılığında milləti aşağılamaq kimi meyillər görürük. "Milləti düzəltməyi" istəyirsiniz? Lap əla. Amma əmin olun ki, bunu "azad seks", "komplekssizlik" kimi mahiyyəti əxlaqsızlıq olan çağırışlarla edə bilməyəcəksiniz. Fərqli saç düzümləri, qeyri-ənənəvi saqqal və bığlarla görüntü yaradıb, diqqət çəkib yaradıcı insan olduğunuzu da sırıya bilməyəcəksiniz. Səmimi olun və etiraf edin: əksəriyyətinizin yeri şou-bizneslə səhv düşüb. Şou xarakterli verilişlərdə ara-sıra və ya tez-tez görünməyiniz də elə bunu deməyə əsas verir. Və bir də sizdən tam səmimi bir cavab istəyirəm: "Kitablarınızı alan varmı?" "Yox, guya sanballı, tanınmış yazıçıların kitablarını alan var ki?" - deyəcəksiniz, amma yanılırsınız. Sanballı yazıçıları sizin qədər reklam, "like" etsələr və ya onlar sizin qədər özlərinin "piar"ı ilə məşğul olsa, sosial şəbəkələrdə özlərinin təbliğatını aparsalar, əmin olun ki, kitabları lap əla satılar.

Heca vəznində yazılan şeirlər də sıradan çıxır tədricən (əruzdan danışmağa isə heç dəyməz). İndi təzə dəb yaranıb: qafiyəsi, vəzni, ahəngi pozuq cümlələr oxucuya sərbəst şeir adı ilə sırıdılır. Ayıq, çoxbilmiş oxucunu belə ucuz cızma-qara ilə aldatmaq olmaz. Sizi bəyənən varsa, arxayın olun ki, şeirdən anlayışı yoxdur.

Cənablar, məgər siz doğrudan da sanballı qələm əhli olduğunuzu düşünürsünüz? Səmimiyyətinizə şübhə etmək istərdim. Məgər siz doğrudan da ədəbiyyatı "like" çoxluğu, dedi-qodu, şəxsi həyat qalmaqalları, ley-pey məclisləri, şou verilişlərində iştiraklarla dirçəltmək istəyirsiniz? Cəhdləriniz əbəsdir!

Əslində, bütün bunlar faciədir. Bəlkə də əksəriyyətinizdən yaxşı dülgər, pinəçi, aşpaz, çilingər, qaynaqçı, dərzi və s. çıxardı. Təəssüfləndiricidir... Sizi kim aldatdı?

Bəli, yazmaq hər adamın işi deyil; yazmaq istedad, səbr, hətta hünər tələb edir. Siz də yazın, hər şeyə rəğmən, yazmağa davam edin, əgər həqiqətən də yazıçı olduğunuzu düşünürsünüzsə. Sizi oxuyan var, ya yoxdur - buna fikir verməyin, yazın. Şou verilişlərə çıxıb kimlərləsə atışmağa da gərək yoxdur - yazın. Millətlə işiniz yoxdur, özünüz nə oyundan çıxırsınızsa çıxın, amma bu əməllərinizi "müasirlik" adı altında ətrafınızdakılara sırımayın - yazın. Unutmayın ki, hamı sizin kimi ola bilməz və olmamalıdır. Və nə yaxşı ki, deyil. Siz yazmağınızda olun. Dahilik xəstəliyinə də yoluxmayın - yazın. Yaddan çıxartmayın ki, sağ ikən dahi olmaq olmur. Kim bilir, bəlkə qədrinizi 1-2 əsr sonra bildilər. Bəlkə də indi sizi dərk edəcək ağıl sahibi deyilik...

Və sonda, bir anlıq düşünün ki, sosial şəbəkələr yoxdur, bağlanıb. Nə baş verəcək? Bilmirsiniz? Hər şey əla olacaq - ədəbiyyat şou-biznes əhlindən xilas olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti