...

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrə gedir (FOTO)

Mədəniyyət Materials 1 İyul 2015 15:59 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.
Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrə gedir (FOTO)

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.

Yaradıcı heyət Azərbaycan Milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin "Hekayəti-Xırs-Quldurbasan" tamaşası ilə 2015-ci il iyul ayının 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.

87-ci teatr mövsümü Dövlət Gənc Tamaşaçılar Teatrı üçün yeni səhnə əsərləri, beynəlxalq festivallar, qarşılıqlıq yaradıcılıq mübadilələri baxımdan olduqca uğurlu olub.

Teatrın mövsümün ilk günlərində I Şəki Beynəlxalq Teatr Festivalı, Belarusun Brest şəhərində keçirilmiş XIX "Belaya Veja" ("Ağ qala"), Rusiyanın Perm şəhərində I Beynəlxalq Martin MakDonax Festivallarında uğurlu iştirakı, Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş rejissor laboratoriyası, III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində bir sıra xarici teatrların rəhbərləri ilə keçirilmiş görüş, əməkdar artist Nofəl Vəliyevin Türkiyənin Antalya Böyükşəhər Bələdiyyə Teatrının dəvəti ilə sözügedən teatrda hazırladığı "Gec qalanlar", baş rejissorumuz, əməkdar incəsənət xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında səhnələşdirdiyi yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın", Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyevin görkəmli Azərbaycan yazıçı-dramaturqu Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povesti əsasında hazırladığı eyniadlı tamaşalar, 2 fevral - Gənclər Günü münasibətilə teatrın istedadlı və gənc aktrisası Səbinə Məmmədovanın 2014-cü ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin "Gənclər mükafatı", Azərbaycan Milli Peşəkar Teatrın 142-ci ildönümü münasibətilə teatrın aktyoru, əməkdar artist Şövqi Hüseynovun "Debüt" nominasiyası üzrə "Zirvə" mükafatı, teatrın istedadlı aktyoru Məhərrəm Musayevin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Fəxri mədəniyyət işçisi" döş nişanı və teatrın daha bir qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilməsi, teatrın iki gənc və istedadlı aktyoru - Günel Məmmədova və Eşqin Quliyevin Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində uğurlu iştirakı, 4 uşaq, 5 böyük olmaqla ümumilikdə 9 yeni səhnə əsərinin tamaşaçılara təqdim olunması artıq özlüyündə teatrın əldə etdiyi nailiyyətləri əks etdirir.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün builki - 87-ci teatr mövsümünə 2014-cü il iyulun 6-da Ağstafa rayonunda yekun vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti