...

Filmlərimiz beynəlxalq festivallara dəvət alıb

Mədəniyyət Materials 3 İyul 2015 21:53 (UTC +04:00)
Rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək "Five lakes" beynəlxalq film festivalında nümayiş olunacaq.
Filmlərimiz beynəlxalq festivallara dəvət alıb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək "Five lakes" beynəlxalq film festivalında nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından bildirilib ki, ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalının əsas müsabiqə proqramında təqdim olunub və festivalın üç mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Hərbi-vətənpərvərlik mövzusunda olan ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

"Nabat" bədii filminin nümayiş olunacağı daha bir festival isə oktyabrın 1-dən 11-dək Avstriyada keçiriləcək. Kinolent hər il Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı "LET'S CEE" Beynəlxalq film festivalında göstəriləcək.

"Azərbaycanfilm"dən verilən məlumata görə, sözügedən festivalda kinostudiyanın istehsalı olan "Axınla aşağı" bədii filmi də yer alacaq. 2014-cü ildə istehsal olunan "Axınla aşağı" filminin quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri oynayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti