...

"Herostratı unudun" tamaşasının premyerası keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Noyabr 2015 19:18 (UTC +04:00)
Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçirilib.
"Herostratı unudun" tamaşasının premyerası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Akademik Milli Dram Teatrında "Herostratı unudun" tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Rus dramaturqu Qriqori Qorinin pyesi əsasında səhnələşdirilmiş "Herostratı unudun!" adlı ikipərdəli tragikomediyanın süjetini dünyanın yeddi möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş, qədim Efes şəhərindəki Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi təşkil edir.

İlk baxışda Herostratın məqsədi müqəddəs məbədi yandıraraq şöhrət qazanmaq və adını əbədiləşdirmək cəhdi kimi görünsə də, hadisələrin inkişafı onun hədəfinin hakimiyyəti ələ keçirmək olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti