...

Bakıda Türkmənistan Prezidentinin kitabının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 19 Noyabr 2015 17:03 (UTC +04:00)
Noyabrın 19-da Azərbaycan Xalça Muzeyində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən xalçalarına həsr olunmuş “Canlı əfsanə” kitabının təqdimat mərasimi keçirildi.
Bakıda Türkmənistan Prezidentinin kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Noyabrın 19-da Azərbaycan Xalça Muzeyində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən xalçalarına həsr olunmuş "Canlı əfsanə" kitabının təqdimat mərasimi keçirildi.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanla Türkmənistan arasında mədəni əlaqələrin inkişafından, xalqlarımızın dərin tarixi köklərlə bir-birinə bağlılığından geniş söhbət açıb. Türkmənistan Prezidentinin "Canlı əfsanə" adlı kitabının Azərbaycan dilində nəşr olunmasının xalqlarımızın bu tarixi sənət növü ilə yaxından tanışlığına şərait yaradacağını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Türkmənistan prezidentlərinin dəstəyi ilə sözügedən kitabın 2014-cü ildə Aşqabad şəhərində təqdimatı keçirilib.

S.Məmmədəliyeva Türkmənistan Prezidentinin xalqının mədəni irsinin qorunmasına və təbliğinə böyük diqqət yetirdiyini bildirib: "Kitab türkmən xalçası haqqında dolğun məlumat verən məzmunlu mətni, xalçaların özünəməxsus gözəlliyini əks etdirən rəngarəng materialları və nəfis tərtibatı ilə diqqəti cəlb edir. Qurbanqulu Berdiməhəmmədov xalçaları türkmən dövlətinin xəzinəsi, xalqının isə qəlbi adlandırır. Bu bizim üçün anlaşılan hissdir. Belə ki, xalça Azərbaycanın da ən qiymətli maddi və mənəvi irsidir. Prezident İlham Əliyev maddi mədəniyyət nümunələrimizin qorunub yaşadılmasına böyük önəm verir. "Milli-mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz" deyən Prezidentimizin apardığı məqsədyönlü siyasət Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq aləmdə təbliğinə istiqamətləndirilib".

Azərbaycan və türkmən xalqlarının qədim xalçaçılıq ənənələrinin olduğunu və xalça sənətinin mədəniyyətimizdə əhəmiyyətli yer tutduğunu vurğulayan nazir müavini 2010-cu ildə Azərbaycanın xalçaçılıq sənətinin UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salındığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda xalça sənətinə yüksək səviyyədə dövlət qayğısı var. Eyni zamanda Azərbaycan Milli Məclisi tərəfindən "Xalça sənətinin qorunması haqqında" qanun qəbul edilib. Ölkəmizdə xalça sənətinə həsr edilən beynəlxalq simpoziumlar təşkil edilir, tədqiqatlar aparılır, xarici dövlətlərdə xalça sərgiləri keçirilir. Xalça Muzeyinin yeni binası da dövlət qayğısının bariz nümunəsidir.

Tədbirdə çıxış edən "Türkmənhalı" Dövlət Birliyinin sədri, Türkmənistanın dövlət naziri Oqulhacat İşanqulıyeva "Canlı əfsanə" kitabının Azərbaycan dilində nəşri və Bakıda təqdim olunmasına görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu kitab türkmən xalçalarının gözəlliyini, mahiyyətini, yaradıcı dəyərlərini açıb göstərir: "Əsrlər boyu insanlar türkmən xalçalarını "sirlərdən toxunmuş gözəllik" adlandırmışlar, çünki türkmən xalçalarının özünəməxsus təsvir dili var və bu dil qədim türk irsinə məxsusdur. Xalça türklərin dünyanı ilmələrlə, naxışlarla, rənglərin və obrazların dili ilə ifadə etmə vasitəsidir. Buna görə də özünəməxsusluğu ilə seçilən türkmən xalçaları bəşər tarixinin bir çox sirlərinə naxışların dili ilə aydınlıq gətirən tarixi "kitabdır". Bir türkmən məsəlində deyilir: "Xalçanı sər və mən sənə ürəyində olanı deyim".

Xalqlarımızın mədəniyyəti, ənənələri və bunlardan irəli gələrək mədəni özünəməxsusluğun qorunub saxlanılması, habelə gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edən türkmən nazir Azərbaycan rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, "Şərq-Qərb" nəşriyyatına minnətdarlığını bildirib.

Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov, "Azərxalça" İstehsalat Birliyinin baş direktoru Əlisəfa Nuriyev çıxış edərək kitabın əhəmiyyətini və xalçanın böyük sərvət olduğunu vurğulayıblar.

Tədbirin sonunda Azərbaycan və Türkmənistan sənət ustalarının ifasında musiqi və rəqs nümunələri təqdim olunub.

Qeyd edək ki, 400 səhifədən ibarət nəfis tərtibatlı "Canlı əfsanə" kitabı Türkmənistanın Azərbaycandakı səfirliyi, Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib. Kitabı rus dilindən Naibə Kərimli tərcümə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti