...

Yazıçı Afaq Məsud nüfuzlu mükafata layiq görülüb

Mədəniyyət Materials 25 Noyabr 2015 16:39 (UTC +04:00)
Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun "Mənsur Həllac" əsəri görkəmli türk dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyi münasibətilə keçirilən "Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasındadır.
Yazıçı Afaq Məsud nüfuzlu mükafata layiq görülüb

Bakı. Trend:

Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun "Mənsur Həllac" əsəri görkəmli türk dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyi münasibətilə keçirilən "Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasındadır.

Bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilir: "Mənsur Həllac" əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qaliblərin mükafatlandırma mərasimi 8 dekabr 2015-ci il tarixdə Türkiyə Mədəniyyət Nazirliyinin "Kiçik teatr" binasında keçiriləcək".

Qeyd edək ki, Türk dünyasının ilk pyes müsabiqəsi olan "Beynəlxalq səhnə əsərləri müsabiqəsi" Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfindən, Türkiyə Nazirlər Kabinetinin Təbliğat Fondunun dəstəyi ilə keçirilib. Müsabiqəyə İran, İraq, Türkmənistan, Dağıstan və digər türkdilli ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti