...

Budapeştdə keçirilən Beynəlxalq dirijorluq müsabiqəsində həmyerlimiz birinci yeri qazanıb

Mədəniyyət Materials 1 Dekabr 2015 14:40 (UTC +04:00)
Budapeştdə keçirilən Beynəlxalq dirijorluq müsabiqəsində Azərbaycanı təmsil edən Orxan Haşımov birinci yeri qazanıb.
Budapeştdə keçirilən Beynəlxalq dirijorluq müsabiqəsində həmyerlimiz birinci yeri qazanıb

Bakı. Trend:

Budapeştdə keçirilən Beynəlxalq dirijorluq müsabiqəsində Azərbaycanı təmsil edən Orxan Haşımov birinci yeri qazanıb.

Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, noyabrın 23-28-də Budapeştdə dünya miqyasında tanınan macar - amerikan bəstəkarı və dirijor Antal Dorati (1903-1988) adına Beynəlxalq dirijorluq müsabiqəsi keçirilib. Ferens List Musiqi Akademiyasının professoru, məşhur pianoçu və dirijor Tamaş Başarinin rəhbərlik etdiyi, tərkibinə İtaliya, Fransa, Polşa musiqiçiləri daxil olan münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndiriblər.

Budapeştdəki italyan Mədəniyyət Mərkəzinin Cüzeppe Verdi zalında keçirilən yekun konsertin qalibləri müəyyən etməyə imkan yaradıb.

Münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub. Üçüncü mükafat verilməyib. Müsabiqə iştirakçıları MAV Budapeşt Simfonik Orkestrinin müşaiyəti ilə Pyotr Çaykovskinin, Klod Debüssinin, Bela Bartokun, Andrea Potreranın və İohann Bramsın əsərlərini səsləndiriblər. Gənc azərbaycanlı dirijor məharətli ifa tərzi və yüksək artistizmi ilə də tamaşaçıların böyük rəğbətini qazanıb.

Nüfuzlu beynəlxalq müsabiqənin qalibi adına layiq görülən həmvətənimiz Orxan Haşımov 1995-ci ildə Bakıda anadan olub. Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alır. Tez-tez Rusiya paytaxtında klassik musiqi konsertlərinin dirijoru kimi çıxış edir.

Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib. Orxan Haşımov həmçinin 2016-2017-ci ildə Budapeşt Simfonik Orkestri ilə Macarıstan paytaxtında və məşhur Esterhazi qəsrində, "İtalyan virtouzları" silsiləsindən Verona simfonik orkestri ilə İtaliyada (Verona), Fridrix Şopen adına Polşa-Baltika filarmoniya ansamblı ilə Polşada (Qdansk) konsert proqramları ilə çıxış etmək üçün dəvət alıb. Qalib statusu eyni zamanda gənc musiqiçinin qarşısında İncəsənət xadimlərinin Beynəlxalq agentliyi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti