...

Azərbaycanda Amerika Günləri keçiriləcək

Mədəniyyət Materials 12 Fevral 2016 19:02 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
Azərbaycanda Amerika Günləri keçiriləcək

Bakı. Trend:

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, görüşdə ABŞ və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. Azərbaycanın mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. R.Sekuta Azərbaycanda Amerika Günlərinin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən səfirliyə dəstək göstəriləcəyinə ümidini ifadə edib.

Ə.Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verib və tədbirə ABŞ rəsmilərinin dəvət olunduğunu qeyd edərək, ABŞ-ın Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.

Görüş zamanı muzey, mədəni irs və kitabxana sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Nazir turizm sahəsində əməkdaşlığın vacib olduğunu bildirib, həmçinin Ümumdünya Turizm Təşkilatı tərəfindən "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnamə qəbul edildikdən sonra Ermənistanın turizm stendlərində Qarabağla bağlı təbliğatın qarşısının alındığını qeyd edib və bu məsələdə ABŞ səfirliyi tərəfindən müvafiq köməklik göstəriləcəyinə inamımı ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti