...

Parisdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Fevral 2016 19:26 (UTC +04:00)
Parisin “Cathédrale Saint-Louis des Invalides” kilsəsində 1992-ci ildə baş vermiş Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib.
Parisdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib (FOTO)

Bakı. Trend:

Parisin "Cathédrale Saint-Louis des Invalides" kilsəsində 1992-ci ildə baş vermiş Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, anım gecəsində altı yüzdən çox qonaq iştirak edib. Rəsmi qonaqlar arasında Fransa Senatının Fransa-Qafqaz Qrupunun prezidenti Senator Andre Reixardt, bəstəkar Pyer Tilloy, "Oradour-sur-Glane" Şəhidləri Ailələrinin Milli Assosiasiyasının katibi Andre Sadri, həmçinin Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Anar Kərimov, İranın Fransadakı səfiri Əli Ahani, Bolqarıstanın Fransadakı səfiri Anquel Tçolakov, Toqonun Fransadakı səfiri Kalikste Madjoulba, Çilinin Fransadakı səfiri Patrisio Hales Dip, Boliviyanın Fransadakı səfiri Jan-Pol Quevara Avila, Tacikistanın Fransadakı səfiri Homidcon Nəzərov, Litvanın konsulu Rasa Mikiclaite, Mərakeşin Fransadakı səfirliyinin müşaviri Adil Embark olub.

Konsert Azərbaycanın Fransadakı səfirliyi, TEAS-ın Paris ofisi, "Ulduz" və Azərbaycanın Dostları assosiyasiyaları tərəfindən təşkil edilib.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov deyib: "Təəssüf ki, bu günə qədər Fransa ictimaiyyəti Xocalı qətliamı haqqında müfəssəl məlumata malik deyil. Xocalı qırğını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi tarixə düşüb. Bu qırğının miqyası II Dünya müharibəsi zamanı baş vermiş və bizim fransız dostlarımızın yaddaşında silinməz iz buraxan Oradour-sur-Glane ilə müqayisə oluna bilər. Qaçan əhali arasında təşviş yaratmaq məqsədi daşıyan bu qırğın etnik təmizləmə siyasəti ilə nəticələnib, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz tarixi ərazilərini tərk edib. Biz günahsız qurbanların unudulmasına heç zaman imkan verməməliyik! Xocalı qırğını bütün azərbaycanlıların ruhuna həkk olunub. Xocalı, həmçinin bütün dünyada eşidilməli olan bir haraydır. Bu, 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya Ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası sayəsində mümkün olub. Bu kampaniya sayəsində dünyanın bir neçə ölkəsi Xocalı qətliamının baş verdiyini rəsmən qəbul edib. Bugünkü tədbir regionda ədalətin bərqərar olunmasına nail olmaq məqsədi daşıyır".

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib: "Tarix hər zaman mübahisə və interpretasiya subyekti olub. Bu günün faciələri dünənin faciələrini bizlərə unutdurmamalıdır. Ermənistan hərbi birləşmələrinin işğalı altında olan torpaqların geri qayıtmasını 20 ildən çox səbirsizliklə gösləyən bir milyona yaxın azərbaycanlının problemini unutdurmamalıdır".

Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib: "Xocalı faciəsi 1992-ci ildə baş verib. Bu faciə azərbaycanlılarda və ölkəmizin dostlarında dərin iz buraxıb. Bu kədərli tarixi anmaq üçün keçirilən bu toplantı, həmçinin dünyada baş vermiş bütün qırğınların dəhşətini bizə xatırlatmaq üçündür. Ötən il bizim təşkilatın Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycanın Fransadakı səfirliyi ilə birgə əməkdaşlığı şəraitində Parisdə "Sonsuz dəhliz" müstəqil sənədli filminin nümayişi baş tutub. 2016-cı ildə biz Fransa Milli Assambleyasında "Xocalı - qırğın haqqında həqiqət" adlı mövzuda panel müzakirə təşkil etmişik. Xocalı faciəsi heç zaman unudulmamalıdır. Biz "Xocalıya Ədalət!" kampaniyasına dəstək vermək üçün fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik".

Tədbirdə tarzən Ramiz Quliyev, skripkaçı Sabina Rakşeyeva "Lamoureux" orkestrinin müşayiəti ilə fransız bəstəkar P.Tilloyun "Xocalı 613" əsərini, Azərbaycan və Avropa musiqiçilərinin əsərlərini ifa ediblər. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib. Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri də səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti