...

Polşa ordusunun azərbaycanlı polkovnikinə həsr olunmuş filmin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 15 Mart 2016 18:46 (UTC +04:00)
Varşavada Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigara həsr olunmuş filmin premyerası baş tutub.
Polşa ordusunun azərbaycanlı polkovnikinə həsr olunmuş filmin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Polşanın paytaxtı Varşava şəhərində yerləşən İstiqlaliyyət Muzeyinin "Apoloniya" kino zalında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Salnamə" kinostudiyası tərəfindən hazırlanmış, Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigara həsr olunmuş "Polkovnik" sənədli filminin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, filmin nümayişindən əvvəl İstiqlaliyyət Muzeyinin direktor müavini xanım Yolanta Dambek çıxışında iştirakçılara V.Yadigar haqqında məlumat verib. Bildirilib ki, Polşa ordusunda qısa müddət ərzində öz bacarığı və biliyinə görə yüksək rütbə sahibi olmuş V.Yadigarın həyatı maraqlı hadisələrlə zəngindir.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tədbirdə çıxış edib. İştirakçılara səfirlik tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verilib. Çıxışda səfirlik tərəfindən müxtəlif seriyalarda polyak dilində 38 adda kitabın nəşr edilməsi və "Təşəkkür hissi ilə xatırlayırıq" layihəsi çərçivəsində 14 abidənin qurulması diqqətə çatdırılıb. "Vəli bəy Yadigar, Azərbaycanlı, Polşa Ordusunun Polkovniki" kitabının aparılmış araşdırma nəticəsində toplanılan böyük sayda arxiv materialları əsasında nəşr olunmasının və "Polkovnik" sənədli filminin çəkilməsinin mühacir həyatı yaşamış azərbaycanlı zabitin keçdiyi həyat yolunu daha da aydınlaşdırdığı qeyd olunub.

7-ci Süvari Polku Muzeyinin direktoru Leşek Çeley çıxışında V.Yadigarın Polşa hərbi tarixində unudulmaz iz buraxdığını diqqətə çatdırıb. Onun müəllifi olduğu bir sıra kitab və məqalələrin tarixçilər üçün dəyərli məlumat mənbəsi olduğu qeyd edilib. L.Çeley 7-ci süvari polku muzeyində polkovnik V.Yadigara aid bir çox əşyaların yer aldığını və 2016-cı ildə ona aid yeni əşyaların muzey tərəfindən şəxsi kolleksionerlərdən alındığını bildirib.

Polkovnik Ziqmunt Qebetner və Yozef Adamçik iştirakçılara V.Yadigarla bağlı maraqlı xatirələrini danışıblar. V.Yadigarın xatirəsinin yaşadılmasının Azərbaycan və Polşa üçün vacib olduğu qeyd olunub.

Rejissor Tahir Əliyev çıxışında "Polkovnik" filminə ilk ictimai baxışın dünya kinematoqrafiyasının mərkəzlərindən biri olan Varşava şəhərində keçirilməsinin sevindirici olduğunu vurğulayıb. O, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, "Salnamə" kinostudiyasına və Azərbaycanın Polşadakı səfirliyinə filmin ərsəyə gəlməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

"Polkovnik" filminin təqdimatında Polşanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mazovetsk vilayəti, Milli Yaddaş İnstitutu, Polşa Ordusu Muzeyi, Milli Müdafiə Akademiyası, 7-ci Süvari Polku Muzeyinin nümayəndələri və Polşa ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda "Polkovnik" filminin rejissoru T.Əliyev səfirlik tərəfindən təsis edilmiş Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 və bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunub.

Qeyd edək ki, polkovnik V.Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin ideya müəllifi Həsən Həsənov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti