...

İsveçli rejissor Dövlət Gənc Tamaşaçılar Teatrında olub (FOTO)

Mədəniyyət Materials 28 Mart 2016 19:28 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveçli rejissor Roni Danielsonla görüş keçirilib.
İsveçli rejissor Dövlət Gənc Tamaşaçılar Teatrında olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveçli rejissor Roni Danielsonla görüş keçirilib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni beynəlxalq layihə çərçivəsində həyata keçirilmiş görüşdə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin "Uzuncorab Peppi" romanı əsasında tamaşa hazırlanması haqqında müzakirələr aparılıb.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və yaradıcı heyətlə görüşən isveçli rejissor görüşdən öncə nümayiş etdirilən müəllifin başqa bir səhnə əsəri - "Balaca və damda yaşayan Karlson" tamaşasını izləyiblər. M.Həmidov qonağa Azərbaycan teatrı haqqında ətraflı məlumat verərək, ölkəmizdə teatr sahəsində baş verən yeniliklər haqqında da danışıb.

Tamaşada iştirak edən aktyorlara maraqlı ifalarına görə təşəkkür edən rejissor özü haqqında qısa məlumat verdikdən sonra yeni tamaşa haqqında danışıb: "Uzuncorab Peppi" müəllifin ilk əsərlərindən biridir. Astrid Lindqren bu romanı 1944-cü ildə qələmə alaraq qızına hədiyyə edib. Əsərdə anasını itirmiş, atası uzaqlarda - dənizdə işləyən gənc, yalqız və müstəqil Peppinin şən və macəralı həyatından bəhs edilir. Əsərdə 10-15 obraz var və onlardan demək olar ki, yarısı əsas qəhrəmanlardır. Romanda Peppinin ən yaxın dostları Toni və Anikadır".

Dünyanın bir çox teatrlarında çalışan rejissorun sözlərinə görə, o, müəllifin "Roni - quldurun qızı" əsərini səhnələşdirib.

Məlumat üçün bildirək ki, Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və Azercell Telekom-un birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə əsasında hazırlanacaq tamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti