...

Norveçdəki azərbaycanlılar ölkəmizi belə təmsil etdilər (FOTO)

Mədəniyyət Materials 25 May 2016 17:16 (UTC +04:00)
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı soydaşlarımız Osloda keçirilən beynəlxalq festivalda işitrak ediblər.
Norveçdəki azərbaycanlılar ölkəmizi belə təmsil etdilər (FOTO)

Bakı. Trend:

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı soydaşlarımız Osloda keçirilən beynəlxalq festivalda işitrak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 43 ölkənin qatıldığı "Dünya Rəngləri: Mədəniyyət və Dil beynəlxalq festivalı"nın səhnəsində Azərbaycan rəqsləri və milli paltarları nümayiş etdirilib, YUNESKO tərəfindən dünyanın qeyri-maddi irs siyahısına salınmış milli musiqi alətimiz olan tarın sədaları səsləndirilib. Festivalda, həmçinin Azərbaycan həqiqətlərini özündə əks etdirən sərgi və guşə təşkil olunub.

Azərbaycan həqiqətlərinə dair guşə Oslo şəhərinin Saqene bölgəsinin bələdiyyə günü ilə bağlı keçirdiyi tədbirlərdə də təşkil olunub. Tədbir çərçivəsində Saqene bölgəsinin bütün siyasi partiyalarından olan nümayəndələri ilə görüşlər keçirilib, müzakirələr aparılıb.

Sonda Norveç İşçi Partiyasından olan bələdiyyə sədri Helqe Stoltenberq Azərbaycan icmasının Saqene bölgəsinin ictimai-siyası həyatında və bələdiyyə günündə fəal iştirakına görə Oslo Azərbaycan Evinin sədri Ramil Əliyevə təşəkkür edib və azərbaycanlı rəqqaslarla xatirə şəkli çəkdirib.

Bundan başqa, Osloda məşhur olan Alman kilsəsində 28 May - Respublika Günü münasibətilə mədəniyyət gecəsi keçirilib. Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının musiqiçi və rəqqasları iştirak edib. Çox sayda norveçli, Oslo alman icmasının üzvləri və əcnəbilərin qatıldığı Republika günü ilə bağlı tədbirdə Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında dolğun məlumat verilib.

Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev bildirib ki, azərbaycanlıların belə tədbirlərdə daimi iştirakı onların yerli siyasətçilərlə qeyri-formal görüşü üçün böyük imkanlar yaradır və səmimi əlaqələrin qurulması üçün başlanğıc rolunu oynayır. R.Əliyev soydaşlarımızın həm mədəni, həm də siyasi tədbirlərdə fəal iştirakının diaspora və lobbicilik istiqamətində görülən işlərin səmərəliliyini artırdığını qeyd edib.

Tədbirlərin bədii hissəsi Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti