...

Mən belə əsrarı qana bilmirəm!

Mədəniyyət Materials 30 May 2016 22:00 (UTC +04:00)
Son günlərdə beynimdə düyünlənib qalan bir məsələ var. İş burasındadır ki, bu yaxınlarda Mirzə Ələkbər Sabirin üslubu tənqid edildi. İddia edilirdi ki, “Sabir bu milləti aşağılayırmış”.
Mən belə əsrarı qana bilmirəm!

Bəxtiyar Hacıyev - Trend:

Son günlərdə beynimdə düyünlənib qalan bir məsələ var. İş burasındadır ki, bu yaxınlarda Mirzə Ələkbər Sabirin üslubu tənqid edildi. İddia edilirdi ki, "Sabir bu milləti aşağılayırmış".

Əvvəlcə ağzımı açıb bir kitablıq cavab vermək istədim. Sonra susdum - susmağı təxminən son bir ildə öyrənmişəm. Dedim, lənət şeytana, bir qocaman dağa bənzər ustada qarşı belə cəfəng iddialar ən yaxşı halda boş qazanın səsi qədər effektli ola bilər. Bunu da nəzərə aldım ki, nə hikmətdirsə, son dövrlərdə keçmişi bəyənməmək, xüsusilə ədəbiyyata öz dəst-xətləri ilə möhürlərini vurmuş ədiblərə qara yaxmaq dəbə düşüb.

Mən bu məsələyə qayıtmaq istəmirdim. Amma telekanalların birində biri dedi ki, Sabirin yazdıqlarının bəziləri öz aktuallığını itirib. Hələ bir misal da çəkdi bu beyti:

"Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz".

Həmin zati-möhtərəm əlavə etdi ki, indi biz avtomobil də minirik, təyyarə də, hələ peykimiz də var.

Dedim, ey vah, biz hələ də anlamamışıq Sabiri. Onun yazdıqlarını indi də bu qədər hərfi mənada başa düşürüksə, deməli, biz daha çox tənqid olunmalıydıq. Məgər elm sahəsində əcnəbi hələ də bizdən xeyli irəlidə deyil? Məgər hazırda istifadə etdiyimiz bütün növ texnika əcnəbi beyninin məhsulu deyil? Məgər əcnəbidən üstün olduğumuz bir sahə varmı?

...Belə çıxır ki, Sabir bizi tənqid yox, tərif etməliymiş. Bəli, bəli! Sabir gərək tərifləyərdi "Annaları, Sonyaları yanlayanları", uşaqbaz "ərdo, qabanları", bizi "yerə gömən minbərdəkiləri", millətini bəyənməyən intelligentləri, xurafat, mövhumat daşıyıcıları mollaları, min hoqqadan çıxan hacı, məşədi, kərbəlayiləri və s. və i.a. Sabir gərək təklif edərdi ki, millətin tarac olmasına əhəmiyyət verməyənlərə heykəl qoyulsun. Sabir uşaqlarını oxutmamaqda israrlı olanlara "əhsən" deməliydi.

"...Niyə bəs böylə bərəldirsən, a qare, gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?"

Bir əsr ötüb. Nə dəyişib ki? Sizə elə gəlmir ki, Sabir sağ olsaydı, tənqid etməyə daha çox mövzusu olardı?

Məgər hələ də qara pişiyə, nala, gözmuncuğuna, çöpçüyə, falçıya, qanqala, qonşunun asqırmağına, qəbirlərə, budaqlara əski bağlamağa, qarşımıza çıxan adamın bədayaq, dost-tanışın əliağır olduğuna, üzərliyə, tək səbirə inanmırıq? İnanırıq!

"Та gəlirik biz də bir az anlayaq,
Məhzəri-irfanda vurur tək səbir.
Ya deyirik işləri sahmanlayaq,
Məclisi-əyanda vurur tək səbir".

Məgər hələ də iş görməkdənsə, əngə verən, laqqırtı vuran, onu-bunu bəyənməyən, başqalarının şəxsi həyatını qurdalayan biz deyilik?

"...İş görəcək yerdə söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə..."

Və ya:

"Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz..."

Sabirin tənqidi lağlağı deyil, Sabirin tənqidi ürək yanğısıdır, millətini inkişaf etmiş, savadlı, dünyagörüşlü görmək arzusudur. Tənqid sevgidən, təhqir isə nifrətdən yaranır. Görünür, tənqidlə təhqiri hələ də ayırd edə bilmirik.

"Laylay, bala, laylay!
Yat, qal dala, laylay!"

Sabir nə etməliydi? Harınlamış milyonçuları, qoçuları, Məmdəliləri alqışlamalı, onlara tərif yağdırmalıydı? Onsuz da bütün dövrlərdə tərifləyənlər tənqid edənlərdən qat-qat çox olub.

Nəzərə alaq ki, bütün ədiblərin üslubu bir olsa, ədəbiyyat inkişaf edə bilməz. Satira ədəbiyyatda ən təsiredici qüvvəyə malik üslublardan biridir. Satirik yazı oxucuya, hətta ən savadsız kütləyə tez çatır, yadda qalandır, satirik yazıda hər kəs özünü, öz səhvlərini görür - yuxarı da, aşağı da, böyük də, kiçik də. Və hər yüzündən beşi səhvini anlayırsa, dəyişməyə çalışırsa, nə xoş bizə!

Yaradıcılığına hansı istiqamətdən baxılır-baxılsın, Sabirin böyük ədib, nəhəng satirik olduğunu etiraf etməmək mümkün deyil.

Yazdıqca uzanır, qaynayır, köpüklənir, artır bu mövzu və Sabiri bir daha anlayırsan - halımıza yanmadan, dərd çəkmədən, düşünmədən, qaynamadan, aşıb-daşmadan, etinasız şəkildə yaşamaq olmur axı.

"Mən belə əsrarı qana bilmirəm..."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti