...

ARTIM Layihə Məkanında iranlı rəssam Neda Zarfsazın fərdi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 16 İyul 2016 14:35 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı iranlı rəssam Neda Zarfsazın “Yamacın görüntüsü” adlı fərdi sərgisini təqdim edir.
ARTIM Layihə Məkanında iranlı rəssam Neda Zarfsazın fərdi sərgisi açılıb (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı iranlı rəssam Neda Zarfsazın “Yamacın görüntüsü” adlı fərdi sərgisini təqdim edir.

Trend-in məlumatına görə, sərgi ARTIM Layihə Məkanında açılıb.

“Yamacın görüntüsü” İran rəssamı N.Zarfsazın üç aylıq rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarında yaratdığı əsərlərdən ibarət yekun sərgisidir. Sərginin konteksti yerli mühitin rəssama göstərdiyi təsirlə əlaqədardır. Təqdim edilən altı əsər ətrafımızda baş verən dəyişikliklərə olan rəssamın münasibətidir. Birlikdə toplanmış həmin əsərlər mühit və ətraf mənzərənin bir növ arxivini təşkil edir. Mövcudluq mövzusunu araşdıran rəssam əsərlərində ölkəmizin müasir tikinti görüntüləri və Xəzəryanı regionunda sənayenin rolunu əks etdirir.

N.Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. O, Höteborq Universitetinin nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. 2011-ci ildə, o İsveçin Höteborq şəhərində “AdlerbertskaHospitiestiftelsen” mükafatına, 2013-cü ildə isə Londondakı “Gasworks” qalereyasında art-rezidensiya proqramında iştirak etmək üçün MOP (Magic of Persia) Fondu tərəfindən mükafata layiq görülmüşdür. Onun “Xırda daşlarsız böyük daşlar” əsəri Əbu-Dabi İncəsənət yarmarkası üçün seçilmişdir. O, xeyli sayda fərdi və qrup sərgilərinin iştirakçısıdır: “Vücud, məkan, qavrayış”, Azad İncəsənət Qalereyası, Tehran, İran (2016), “İrandan yaxşı xəbərlər”EndjaviBarbe Art Projects, Münhen, Almaniya (2014) və s.

YARAT Rezidentura Proqramımüxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və Qafqaz regionunu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram rezidentura iştirakçılarına çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa, öz əsərlərini YARAT Emalatxanalarında hazırlamağa və ARTIM Layihə Məkanında sərgilənməyə imkan yaradır.

Sərginin avqustun 21-dək açıq olacaq. Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001 A

Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti