...

YARAT danimarkalı rəssamın "Front" interaktiv performansını təqdim edib (FOTO)

Mədəniyyət Materials 4 Oktyabr 2016 15:58 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı danimarkalı rəssam Kristian Falsnaesin "Front" adlı interaktiv performansını təqdim edib.
YARAT danimarkalı rəssamın "Front" interaktiv performansını təqdim edib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

YARAT Müasir İncəsənət Məkanı danimarkalı rəssam Kristian Falsnaesin "Front" adlı interaktiv performansını təqdim edib.

Trend-in məlumatına görə, əsrarəngiz layihənin təqdimatı YARAT Müasir İncəsənət Mərkəzində baş tutub.

Performans Kristian Falsnaesin yaradıcılığının əsasını təşkil edir. Tədqiqat obyekti və səhnəciklərinin əsas “materialı” – insandır. Onun çıxışları canlı və ya video şəklində, tamaşaçıların iştirakı ilə və ya iştirakı olmadan təqdim olunur. Tamaşaçıların fəal iştirakı ilə yaratdığı teatral, hətta çox vaxt absurd performanslarında, o, "Bu an baş verənləri, bu anı biz uzun zamandır gözləyirdik!" kimi ruhlandırıcı sözlərlə coşqunluq yaradır.

"Front" iri həcmli qurğuların davamlı olaraq spreylə boyandığı, parçalanaraq şəhər içində nümayiş etdirildiyi, daha sonra isə yenidən qurularaq yeni forma aldığı kollektiv performansdır. Rəssam üzərinə rejissor rolunu götürərək, təlimatları ilə səhnə və tamaşaçılar arasındakı estetik səddi aradan qaldırır.

YARAT tamaşaçıların əsərlərin yaradılmasında iştirak etməsi üçün platforma təşkil edir. Rəssam və tamaşaçıların müştərək işi olan heykəltəraşlıq əsəri kollektiv performansdan xatirə kimi yaradıldığı yerdə qalır.

Performansdakı hərəkətlər fərd və qrup, rəssam və onun izləyiciləri arasındakı münasibət haqqında suallar doğuran ikimənalı hislər və təəssürat yaradır. Falsnaes sosial normalar, qrup davranışının dinamikası, güclərin nisbəti, müəlliflik, gender rolları və digər bu kimi məsələlərin mahiyyətinə varmağa, onları dərindən başa düşməyə sövq edir. Bu araşdırma həvəsinin bir forması, rəssamın tamaşaçılarını istiqamətləndirmək üçün didaktik rəssamlıqdan tutmuş aktyorluğa qədər, avtoritar liderdən tutmuş konferansye, kloun, quldur və səfilə qədər müxtəlif rollara girdiyi bədahətən yaranmış performans silsilərində öz əksini tapıb. Bununla belə, Falsnaes özünün fiziki iştirak etmədiyi, telefon rabitəsi və ya dublyordan istifadə edərək yaratdığı performativ formatlarını da inkişaf etdirir. Bəzi hallarda, o, performansdakı konkret situasiyanın müstəqil video süjetlərin yaradılmasına necə kömək etdiyini sınaqdan keçirir.

Rəssam haqqında

Kristian Falsnaes 1980-ci ildə Kopenhagendə (Danimarka) anadan olub, hazırda isə Berlində yaşayıb-yaradır. O, 2003-cü ildə Kopenhagen Universitetinin, 2011-ci ildə isə Vyanada Rəssamlıq Akademiyasının məzunu olub. Falsnaesin əsərləri beynəlxalq səviyyədə sərgilənib: "Castlefield" qalereyası, Mançester; Dövlət İncəsənət Muzeyi, Kopenhagen; "1646" İncəsənət Məkanı, Haaqa; "Juan & Patrisia Vergez" kolleksiyası, Buenos-Ayres; "Kunstverein Braunschweig", Almaniya; "KİOSK", Qent; "Bielefelder Kunstverein" İncəsənət Mərkəzi, Bilefeld; PSM İncəsənət Mərkəzi, Berlin; "Art-Bazel" yarmarkası, İsveçrə; "KW" Müasir İncəsənət İnstitutu, Berlin; "DREİ", Köln; "21'er Haus", Vyana; "OSLO10", Bazel; "Skånes Konstförening" qalereyası, Malmö, İsveç və "Kunstraum Niederösterreich" qalereyası, Vyana.

Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti