...

“Pəncərədən gələn qonaq” (FOTO)

Mədəniyyət Materials 10 Oktyabr 2016 13:59 (UTC +04:00)
Qərib Mehdinin “Pəncərədən gələn qonaq” kitabının imza günü keçirilib.
“Pəncərədən gələn qonaq” (FOTO)

Bakı. Trend:

Kitab evində Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Gəncə ədəbi mühitinin ağsaqqalı, tanınmış yazıçı Qərib Mehdinin “Pəncərədən gələn qonaq” kitabının imza günü keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül xanım görkəmli ədibin çoxşaxəli, rəngarəng yaradıcılığı barədə eləcə də sovet dönəmində təsis etdiyi “İlham” ədəbi birliyinin çağdaş ədəbiyyatımıza bəxş etdiyi istedadlı simalar barədə ətraflı məlumat verdi. Natiq qeyd etdi ki, 42 kitabın müəllifi olan Qərib Mehdi eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı, şair Ənvər Arazov, şəhid şairimiz Nizami Aydın, Millət vəkili Musa Urud, Elçin İsgəndərzadə, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Aydın Murovdağlı, Fərruxə Umarova, Zahir Şirani, İmamverdi Məmmədov və digər tanınmışların yetişməsində misilsiz rol oynamışdır.

Kitabın redaktorlarından biri Firəngiz İdrisqızı öz çıxışında kitabda işıq üzü görmüş povestlər, sənədli hekayələr, esselər barədə təsüratlarını yığıncaq iştirakçıları ilə bölüşdü.

Kitabın digər redaktoru, yazıçı Ümbülbanu öz çıxışına Qərib Mehdinin bu sözləri ilə başladı: “Mən səni yetirdim ki, sonra səndən öyrənim”. Bəli Qərib Mehdi balalarını uçuran dağ qartalı kimi yetirmələri ilə öyünür, onların uğurlarından qürur hissi keçirir.

Qərib Mehdinin həyat və yaradıcılığı barədə yazılmış “Dəniz ömrü” kitabının müəllifi, yazıçı Fərruxə Umarova kitabın yazıldığı müddətdə ustad sənətkarın görünən və görünməyən tərəfləri baradə, onun bəzən kövrək, bəzən də qranit kimi sərt xarakterindən danışdı.

Sonra yazıçı və şairlərdən İnqilab İsaq, Saleh Qurbanov, Ofelya Mədətqızı, Zahir Şirani, İradə Aytel, Cavanşir Atəşi, Fazil Sənan, Oqtay Abdulla, Ramiz Təmkin, Rəhim Qurbani, Mürsəl Rəfi, İmam Cəmilli, Xasay Qərvəndli, Nadir Ovçu, Cahandar Aybər, Ceyhunə Mehmanqızı, Yeganə, Şəlalə Dağlarqızı, Gülnara Sadiq, Surxay Səlimov, Almaz Yusifqızı, Səbuhi Rəfibəyli, Banu Qarayeva, Oruc Göyçəli, Aləmzər Əlizadə öz ürək sözlərini, təbriklərini çatdırdılar və ustad sənətkara həsr etdikləri şeirlərini oxudular.

Sonda söz səbəbkar Qərib Mehdiyə verildi. O, çıxışında iştirakçılara təşəkkür etdi və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti