...

ARTIM Layihə Məkanında "Bu necə bir hissdir?" qrup sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 3 Dekabr 2016 15:20 (UTC +04:00)
YARAT rezidentlərinin ARTIM Layihə Məkanında "Bu necə bir hissdir?" adlı qrup sərgisi açılıb.
ARTIM Layihə Məkanında "Bu necə bir hissdir?" qrup sərgisi açılıb (FOTO)

Bakı. Trend:

YARAT rezidentlərinin ARTIM Layihə Məkanında "Bu necə bir hissdir?" adlı qrup sərgisi açılıb.

YARAT Müasir İncəsənət Mərkəzindən Trend-ə verilən məlumata görə, YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihəsi çərçivəsində, YARAT-ın yerli rezidentləri - Vüsalə Ağarazıyeva və Erkin Ələkbərli, habelə Gökçen Dilek Acay, Timo Herbst və Mersedes Şturm-Li kimi əcnəbi rezidentlərin iştirakı ilə "Bu necə bir hissdir?" adlı qrup sərgisini təqdim edir.

"Bu necə bir hissdir?" sərgisi öz ətrafı ilə maraqlanan və müxtəlif subyektləri araşdırmağa, onları hiss etməyə çalışan tamaşaçının nəzər nöqtəsini təsvir edir. Layihənin ideyası, nəticə etibarilə tamaşaçının onu əhatə edən və sadə izahı tapmağa mane olan müxtəlif təsirləri dəf etməsi və onların öhdəsindən gəlməsini vurğulayır. Əgər yad adam gözlənilmədən doğmaya, doğma adam isə gözlənilmədən yada çevrilirsə nə baş verir? Və əgər insan zəkasında ərsəyə gələn ideyalar "içiboş" çıxırsa, ya da digər bir halda, əgər hər hansı məchulluq başa düşülən və aydın formalar əldə edirsə, onda necə olsun?

YARAT-ın üç xarici və iki yerli rezidentinin əsərlərini bir araya gətirən bu sərgi, sənət insanlarının baxışları ilə qurulmuş və bir-birilərinin son dərəcə iti nəzər nöqtələrini əks etdirən bir "səyahət"dir.

G.D.Acayın "Anatomik mövqelər" ("Anatomical Positions") adlı videosu və "DNK strukturu" ("Shaping DNA") adlı instalyasiyası, ilk olaraq çaşqınlığa səbəb olan geometrik formalarda insan bədəninin ayrı-ayrı hissələrini maraqlı formada təqdim edir. İnstalyasiya, rəssamın saç quruluşunu və bədəninin daxilində daim və sürətlə dəyişən hadisələri əks etdirməklə, XXI əsrdə insan orqanizmi haqqında biliklərlə bağlı dəyişiklikləri, insanın öz bədəninin "yabançılığından" və özgəliyindən qorxması, eləcə də, genetik modifikasiya vasitəsilə insanın zahiri görünüşünə nəzarətin mümkünlüyü ilə tanışlığı izah edir. Bu iki əsər arasında bağlantı qismində halqalar və dəliklərdən istifadə etməklə, rəssam, "qavrayış oxu" və vuayerizm obyekti qismində hisslərin intensivliyi və insan bədəni arasında əlaqəni qiymətləndirir.

V.Ağarazıyevanın "Cəfəngiyat" ("Absurd") adlı instalyasiyasının əsas diqqəti süni dəyərlər, boş ideyalar və hədəfləri xarakterizə edən hava şarına yönəlib. Rəssam insanların boş və mənasız davranışını, bir-birilərinə və həyata qarşı münasibətini, eyni zamanda xəyali, mümkünsüz hədəflərə nail olmağa çalışmasını və onların "həqiqət" adlandırdığı məfhumu şübhə altına qoyur. V.Ağarazıyeva deyir: "Mənə elə gəlir ki, biz insanların gözləri əməlli-başlı kordur və insanın malik olduğu yeganə amil, yalnız onun öz yoludur. Bu yol, insan həyatının əvvəlindən sonuna kimi davam edir və insan təbiəti kimi, heç bir yalan, paxıllıq, ikiüzlülük və digər mənfi xislətlərə tab gətirmir. Yalnız həqiqi sevgi üzərində qurulmuş yol, məhəbbət, qarşılıqlı hörmət və anlaşmaya gətirib çıxarır."

E.Ələkbərli "İtirilmiş nəsil" ("Lost Generation") adlı əsəri ilə müharibə terrorlarında itirilmiş, unudulmuş və zülmətdə qalmış saysız-hesabsız uşaqların həyatlarına ünvanlanır. Sözügedən instalyasiya müharibənin ədalətsizliyindən irəli gələn, qeyb olmuş ümidləri və natamam arzuları təcəssüm edir. Belə ki, sözügedən instalyasiya bütün dünyada daha çox müdafiəsiz qurbanlar kimi uşaqların əziyyət çəkdiyi və təcavüzə məruz qaldığı amansız və qanlı toqquşmalardan bizə verdiyi, lakin hələ də nəzərə alınmayan dərsləri günahlandırmaqla təsvir olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti