...

Namiq Qaraçuxurlu niyə çıldağlıq oldu? (FOTO)

Mədəniyyət Materials 22 Dekabr 2016 13:00 (UTC +04:00)
17-18 dekabr tarixlərində “Oyan, Azərbaycan” proqramının aparıcısı Firuzə Cəlilova Xəzər TV-nin tamaşaçılarını həm şən, həm də düşündürücü ovqata köklədi.
Namiq Qaraçuxurlu niyə çıldağlıq oldu?    (FOTO)

Bakı. Trend:

17-18 dekabr tarixlərində “Oyan, Azərbaycan” proqramının aparıcısı Firuzə Cəlilova Xəzər TV-nin tamaşaçılarını həm şən, həm də düşündürücü ovqata köklədi. Firanın maraqlı həmsöhbətləri, musiqili sürpriz qonaqları və onlarla yaşanan əyləncəli dəqiqələr, müxtəlif problemlərə dair müxbirlərin verdiyi SOS siqnalları tam hədəfinə çatdı.

Çox zaman sırf yaxınlarımızın xahişini yerə salmamaq xatirinə zaminlik müqaviləsini imzalayır, ona yaxşılıq etdiyimizi düşünürük. Lakin bu xeyirxahlıq duyğusu bankdan bizə gələn elə ilk zəngdən sonra qeybə çəkilir. Məlum olur ki, cavabdeh, yəni zamin durduğunuz və bu qədər inandığımız şəxs xeyli müddətdir ki, krediti ödəmir. Nə edəsən? Zaminlikdən imtina praktikası varmı? Bu məsələni Sərvər Abdullayev Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla “Haqqım var” rubrikasında araşdırıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev canlı efirdə çoxsaylı tamaşaçıların işıq pulu artımı ilə suallarını ətraflı cavablandırıb. Populyar fotoqraf Mirnaib Həsənoğlu isə uğurlarını, sənətdə davamçısı gördüyü qızı ilə bağlı planlarını “Uğur düsturu” rubrikasında İsmayıl Quliyevlə bölüşüb.

Qısa müddət ərzində çəki atmaq çoxlarının arzusudur. Lakin bu zaman hansısa nahiyədə sallanmaların olması ciddi narahatlıq doğurur. Bəs nə etməli? “Best GYM” idman klubunun populyar fitnes – treneri Kənan Cəlilov bunun sirlərini hər həftə “Möhkəm ol” – rubrikasında açaraq, hamını sağlam həyat tərzinə səsləyir. Cəmi 4-6 ay ərzində 50-60 kq-dək çəki atmaq istəyən, üstəlik sağlamlığı ilə bağlı heç bir problem yaşamaq istəməyən xanımlar və bəylər – gözünüz “Oyan Azərbaycanda” olsun.

Namiq Qaraçuxurlu səhər efirində əsil “Axşam əməliyyatına” məruz qaldı. Çünki 100.5 FM – in əməliyyatçıları studiyada idilər. “Qızı yola gətirmək üçün nə edərdin?” – sualı populyar meyxanaçını çaş-baş qoydu. Bu arada veriliş zamanı reklam blokunu xatırladan səs Namiqi bir az da təəccübləndirdi: “Bu nədir, lap çıldaqlıq oldum ki...” – deyən Namiq habelə nə zamansa radio-aparıcısı olmaq arzusunu da bildirdi. Növbəti günün qonaqları müğənni Yaşar Yusub, tanınmış PR mütəxəssislər Günay Malikqızı və Günay Novruzqızı oldu.

G.Malikqızı həmkarı ilə harasa gedərkən, adaş olduqlarına görə aralarında arzu tutmaq üçün bəzən az qala növbələrin yarandığını deyərək, yarızarafat-yarıgerçək ”Bunu hətta biznesə də çevirmək olar” – dedi. Firuzə Cəlilova isə məqamı qaçırmayıb, “Neçə vaxtdır, bir məsələnin baş tutmasını istəyirdim. Əla oldu, gəldiniz, ilk arzumu tutacağam” - deyə Günayların arasında durdu.

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıları Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzova, rejissoru Sevinc Novruzova, koordinatoru Gülnar Məmmədovadır. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti