...

Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq (FOTO)

Mədəniyyət Materials 11 Yanvar 2017 20:30 (UTC +04:00)
Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın 20-də “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.
Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın 20-də yazıçı-dramaturq Tamara Vəliyevanın yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşa Prezident Adminstrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşacaq.

Tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda həyatlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

Tamaşada “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyinin üzvləri, ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri iştirak edəcəklər.

Səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

Tamaşa yanvar ayının 20-də, saat 15.00-da nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti