...

Odessada Azərbaycan parkı və mədəniyyət mərkəzi açılacaq (FOTO)

Mədəniyyət Materials 27 Yanvar 2017 10:41 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Odessa vilayətinə işgüzar səfər edib.
Odessada Azərbaycan parkı və mədəniyyət mərkəzi açılacaq  (FOTO)

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Odessa vilayətinə işgüzar səfər edib.

Azərbaycan səfirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı A.Xudiyev Odessa Vilayətinin qubernatoru Maksim Stepanovla görüşüb. Görüşdə Odessa vilayətinin prokuroru Oleq Juçenko, vilayət vergilər inspeksiyasının rəhbəri İqor Sinqayevski, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev iştirak ediblər.

Görüş zamanı Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan qubernator M.Stepanov Ukraynanın əsas liman şəhəri olan Odessa vilayətinin ictimai, siyasi, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. Qubernator Azərbaycanla rəhbərlik etdiyi vilayət arasında regioanal iqtisadi, ticari, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini vurğulayıb. Bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində əlindən gələni əsirgəməyəcəyini bildirib.

Azərbaycanı Qərblə Şərqin əsas ticarət qapısı adlandıran M.Stepanov Ukrayna və Şərqi Avropada istehsal olunan məhsulların İpək Yolu vasitəsilə Asiyaya ixrac olunmasında Azərbaycanın əsas tranzit ölkələrdən biri olduğunu vurğulayıb.

Azərbaycanda həyata keçirilən qlobal sosial iqtisadi layihələr haqqında qubernatora ətraflı məlumat verən A.Xudiyev ölkələrimizin əsas liman şəhərləri sayılan Bakı ilə Odessanın gəmiqayırma və digər sənaye müəssisələri arasında səmərəli işbirliyinin qurulmasının vacibliyini bildirib.

Görüş zamanı Odessa şəhərinin mərkəzində nəzərdə tutulmuş Azərbaycan parkı və mədəniyyət mərkəzinin tikilməsi üçün birgə işçi qrupunun yaradılması məsələsi geniş müzakirə edilib. Qeyd olunub ki, parkın tezliklə tikilərək şəhər sakinlərinin istifadəsinə verilməsi ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin növbəti təntənəsinə çevriləcək.

Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti haqqında qubernatora ətraflı məlumat verən Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Odessada yaşayan soydaşlarımızın vilayətin ictimai, siyasi, sosial, mədəni həyatında yaxından iştirak etdiklərini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycanla Odessa vilayəti arasında regional əməkdaşlığın gələcək perespektivləri geniş müzakirə olunub.

Sonra A.Xudiyev Odessada fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları ilə görüşüb. Odessa Azərbaycanlıları Konqresinin yeni seçilmiş sədri Namiq Hacıyevə gələcək işlərində uğurlar arzulayan səfir Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımıza xüsusi diqqət ayırdığını diqqətə çatdırıb.

Azərbaycan səfirliyinin qapılarının Ukraynada yaşayan hər bir azərbaycanlının üzünə açıq olduğunu bildirən diplomat xalqımızın qədim və zəngin mədəniyyətini qoruyub yaşadan, bu istiqamətdə xoşməramlı tədbirlər həyata keçirən hər bir diaspor təşkilatına səfirliyimiz tərəfindən istənilən dəstəyin veriləcəyini vurğulayıb.

Birləşmiş Odessa Azərbaycanlıları Konqresinin gələcək fəaliyyət proqramı haqqında məlumat verən konqresin sədri N.Hacıyev vilayətdə yaşayan azərbayycanlı ziyalıların, gənclərin, elm və iş adamlarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşmələri üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Qeyd olunub ki, konqresin nəzdində 30-35 nəfərdən ibarət parlament, alimlər şurası, qadınlar birliyi, gənclər təşkilatı, hüquq departamenti, analitik informasiya mərkəzi yaradılıb. Tezliklə Odessada Azərbaycan dilində "şənbə-bazar günü" məktəbinin açılması nəzərdə tutulub.

Hazırda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə hazırlaşdıqlarını bildirən diaspor fəalları Azərbaycan həqiqətlərinin Odessa ictimaiyyətinə çatdırılması üçün konqresin yeni fəaliyyət proqramının hazırlandığını diqqətə çatdırıblar.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin 2017-ci il fəaliyyət proqramı haqqında görüş iştirakçılarına məlumat verən BUAK-ın sədri R.Tağıyev Odessa kimi mühüm bir vilayətdə soydaşlarımızın bir araya gələrək yeni fəaliyyət strategiyası qurmalarının tarixi əhəmiyyətindən söz açıb.

Qeyd edək ki, bu il yanvarın 21-də Odessa Azərbaycanlıları Konqresinin seçki hesabat konfransı keçirilib. Odessada böyük nüfuz sahibi olan, kənd təsərrüfatı elmlər namizədi N.Hacıyev konfrans iştirakçılarının səs çoxluğu ilə Birləşmiş Odessa Vilayət Azərbaycanlıları Konqresinin sədri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti