...

Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri keçirilə bilər (FOTO)

Mədəniyyət Materials 18 Fevral 2017 23:08 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb.
Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri keçirilə bilər (FOTO)

Bakı. Trend:

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında yüksək səviyyəli əlaqələrdən danışılıb və mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sözügedən sahələrdə əməkdaşlığın ortaq köklərə mənsub xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməsi qeyd edilib və mədəni dəyərlərimizin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsində misilsiz rol oynaması vurğulanıb. Bu baxımdan türkdilli xalqların tarixi-mədəni miraslarının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınması sahəsində türkdilli ölkələrin birgə səyləri nəticəsində əldə edilən uğurlara toxunulub və TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Səfir Almatı Universiadasının uğurlu təşkil edilməsi ilə bağlı qarşı tərəfi təbrik edib və Azərbaycan tərəfinin cari ildə Astanada keçiriləcək “Astana Expo-2017” sərgisində ən gözəl pavilyondan birini yaratmaqda iddialı olması barədə məlumat verib. Həmçinin, “Astana Expo-2017” sərgisi çərçivəsində ölkəmizin milli günündə çıxış etmək üçün Azərbaycan mədəniyyət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyətinin Astanaya səfər edəcəyi təqdirdə, fürsətdən istifadə edərək Astanada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin mümkünlüyü vurğulanıb. Nazir bununla bağlı lazımi şəraitin yaradılacağını bildirib.

R.Məmmədov cari ildə ölkəmizdə keçiriləcək “Formula 1” və İslam Həmrəyliyi Oyunları zamanı Qazaxıstan turistlərini görməkdən Azərbaycan tərəfinin məmnun olacağı bildirilib. “Formula 1”, İslam Həmrəyliyi Oyunları və “Astana Expo-2017” ilə bağlı yay aylarında ölkələrimizə çoxlu sayda turistlərin səfər edəcəyini nəzərə alaraq, turistlərə münasibətdə birgə turizm paketlərinin hazırlanacağı təqdirdə, onların ölkələrimizə daha böyük sayda axınına təkan verilə biləcəyi vurğulanıb. Bu istiqamətdə əməkdaşlığa maraq olacağı təqdirdə, ilkin mərhələdə çinli, ərəb, iranlı turistlərə yönəlik müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib. Birgə turizm paketinin hazırlanması istiqamətində hər iki ölkənin turizm şirkətlərinin təşviq edilməsi üçün müvafiq qurumların əməkdaşlığa başlaması təklif edilib.

Sonra tərəflər arasında işğal altındakı ərazilərimizə qanunsuz turist səfərlərinin təşviq edilməsinin qarşısının alınması ətrafında söhbət aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti