...

Gənc Tamaşaçılar Teatrı növbəti səfərlərə hazırlaşır (FOTO)

Mədəniyyət Materials 21 Fevral 2017 19:16 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) növbəti səfərlərə hazırlaşır.
Gənc Tamaşaçılar Teatrı növbəti səfərlərə hazırlaşır (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) növbəti səfərlərə hazırlaşır.

Teatrdan Trend-ə verilən məlumata görə, teatr xarici ölkə teatrları ilə yeni qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsinə və daha da inkişaf etdirilməsinə böyük önəm verir.

Teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib: “Dövlət Proqramının müvafiq bəndlərinə əsasən ADGTT yaxın və uzaq xarici ölkə teatrları ilə sıx yaradıcılıq əməkdaşlığı qurub. Məqsədimiz Azərbaycan teatr sənətini dünyaya tanıtmaq, digər ölkə teatrlarının ən yaxşı tamaşalarını bizim tamaşaçılara təqdim etməkdir”

Xarici ölkə teatrları rəhbərlikləri və Dövlət Gənc Tamaşaçılar Teatrı rəhbərinin arasında aparılan danışıqlar nəticəsində bu ilin aprel ayının 6-9 tarixlərində Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) kollektivi Azərbaycana səfər edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq və məktəblilərə “Жили-были” (O.Rozum) tamaşasını nümayiş etdirəcəklər.

Aprel ayının 17-dən – 30-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrında 2 gün, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında 3 gün, daha sonra isə Qroznı şəhərində Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında 2 gün qastrol səfərində olaraq Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirəcəklər.

Səfər zamanı ADGTT-nın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun Gürcüstan və Rusiya ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşü də baş tutacaq.

Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin may ayının 5-7 tarixlərində Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı, 19-21 tarixlərində isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq maraqlı tamaşalarla Bakı tamaşaçılarını sevindirəcəklər.

Aprel ayının 17-dən – 27-dək isə teatrın başqa bir qrup üzvü daha bir Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Rusiya Federasiyasının Kineşma (İvanov vilayəti) şəhərində keçiriləcək “Hərarətli ürək” klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə ölkəmiz təmsil olunacaq.

Tamaşada əsas obrazın ifaçısı Əməkdar Artist Şövqi Hüseynovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti