...

Sofiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 7 Aprel 2017 17:57 (UTC +04:00)
“Azərbaycan – Sehrli rənglərin kainatı” adlı sərgi təşkil olunub.
Sofiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib (FOTO)

Bakı. Trend:

Sofiyada Milli İncəsənət Qalereyasında Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstan Milli İncəsənət Qalereyası və bu ölkədə fəaliyyət göstərən “Rila Style” şirkətinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Sehrli rənglərin kainatı” adlı sərgi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə Bolqarıstanın Prezident Administrasiyasının, Vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri iştirak edib.

Sərginin açılışında Bolqarıstan Milli İncəsənət Qalereyasının direktoru Slava İvanova, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Dövlət Rəsm Qalereyasının Direktoru Qalib Qasımov və “Rila Style” şirkətinin rəhbəri Rauf Axundov çıxış edib.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan Milli İncəsənət Qalereyasının direktoru Slava İvanova bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Sərgidə iştirak etmək məqsədilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Q.Qasımovun Bolqarıstana səfərini yüksək qiymətləndirib və bu cür səfərlərin mədəni sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Səfir N.Qurbanova sərginin bolqar sənətsevərlər üçün Azərbaycan incəsənətinin rəngarəngliyindən zövq almağa imkan yaradacağını qeyd edib. Ölkəmizin mədəniyyəti barədə məlumat verən səfir Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələrinin e.ə. 8-ci minilliyə aid olduğunu, 40.000 il yaşı olan Qobustan qayaüstü rəsmlərinin təsviri incəsənətin qədim nümunələri kimi müstəsna əhəmiyyətə malik olduğunu deyib. Qədim insanların ovçuluq, heyvandarlıq, eləcə də rəqs səhnələrinin qayalar üzərinə məharətlə həkk edildiyini söyləyən N.Qurbanova 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edildiyini əlavə edib.

Azərbaycanda müasir incəsənətin vəziyyəti barədə məlumat verən səfir hazırda Azərbaycan 250-dən çox dövlət və özəl muzeyin, o cümlədən 35 dövlət və 12 özəl rəsmi qalereyasının mövcudluğu barədə danışıb. 2009-cu ildə Bakıda fəaliyyətə başlayan Müasir İncəsənət Muzeyini xüsusilə qeyd edən səfir burada Azərbaycanın avanqard rəssamlarının 800-dən çox əsərinin nümayiş edildiyindən bəhs edib. Muzeyin konsepsiyasının olduqca maraqlı olduğunu vurğulayan N.Qurbanova burada küncsüz zalların, açıq keçidlərin, maili divarların olduğunu qeyd edib. O davam edib ki, bina “Unudulmuş pilləkan” incəsənət nümunəsi kimi dizayn edilmişdir.

Azərbaycanın müasir incəsənət səhnəsində sürətli inkişafın müşahidə olunduğunu söyləyən səfir çox sayda Azərbaycan rəssamlarının öz əsərlərini ölkə hüquqlarından kənarda nümayiş etdirdiklərini və Azərbaycanın müasir imicinin dünyaya tanıdılmasına yardım etdiklərini bildirib.

Səfir Bakının müasir incəsənətin təbliği, nümayiş etdirilməsi və inkişafı üçün platformalar kimi xidmət edən yeni məkanlarla zəngin olduğunu bildirib və əlavə edib ki, Azərbaycanda ilk qeyri-kommersiya müasir incəsənət təşkilatı olan YARAT Müasir İncəsənət Məkanı müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.

Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunmasının rəmzi məna daşıdığını qeyd edib.

O, sərgidə Azərbaycanının tanınmış rəssamları Cavad Mircavadov, Mirnadir Zeynalov, Eldar Məmmədov, Yavər Sultanov və Vüqar Muradovun çoxcəhətli yaradıcılığından seçmə nümunələrin nümayiş olunduğunu, bu rəssamların əsərlərinin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu, muzey və qalereyaları, şəxsi kolleksiyaları bəzədiyini bildirib. C.Mircavadovun Azərbaycanda Abşeron rəssamlıq məktəbi deyilən xüsusi bir cərəyanın əsasını qoyduğunu vurğulayan Q.Qasımov onun adının ötən əsrin altmışıncı və yetmişinci illərinin ən tanınmış nümayəndələri ilə bir sırada çəkildiyini əlavə edib.

Daha sonra rəhbərlik etdiyi Qalereya barədə məlumat verən Q.Qasımov Azərbaycan Dövlət Rəsm Qalereyasının 45 il bundan öncə yaradıldığını, Qalereyanın kolleksiyasında 12.000-dən çox əsərin olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb.

İki ölkə arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq üçün əsas olduğunu vurğulayan direktor incəsənət sahəsində qurulan dialoqun gələcəkdə başqa sahələrdə də uğurla davam və inkişaf etdirilə biləcəyinə inamını ifadə edib.

“Rila Style” şirkətinin rəhbəri Rauf Axundov 1971-ci ildən rəhbərlik etdiyi şirkətin müasir Bolqarıstan ictimaiyyətini Azərbaycan rəssamları barədə məlumatlandırmağa qərar verdiyini qeyd edib. O, sərginin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində təşkil olunmasının əlamətdar olduğunu, onun Ümummilli lider Heydər Əliyevin 23 il öncə Bolqarıstana səfəri zamanı əsası qoyulmuş dostluq və əməkdaşlıq ənənəsinin davamı olduğunu söyləyib.

Sərgi mayın 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti