...

SSRİ Xalq artisti Fatma Qədrinin anım mərasimi keçiriləcək (FOTO)

Mədəniyyət Materials 13 Aprel 2017 18:20 (UTC +04:00)
Sabah saat 12:00-da Akademik Milli Dram Teatrının kollektivi, o cümlədən teatr xadimləri I Fəxri Xiyabanda SSRİ Xalq artisti Fatma Qədrinin məzarını ziyarət edəcək.
SSRİ Xalq artisti Fatma Qədrinin anım mərasimi keçiriləcək (FOTO)

Bakı. Trend:

Sabah saat 12:00-da Akademik Milli Dram Teatrının kollektivi, o cümlədən teatr xadimləri I Fəxri Xiyabanda SSRİ Xalq artisti Fatma Qədrinin məzarını ziyarət edəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Xatirə tədbirində Fatma Qədrinin Azərbaycan Teatrının inkişafındakı xidmətlərindən danışılacaq, onun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Qeyd edək ki, milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulub. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi ilə Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları yaradıb. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərib.

Fatma Qədri 1968-ci ildə 60 yaşında Bakıda vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti