...

3-cü "Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri" konfransı keçirilib (FOTO)

Mədəniyyət Materials 1 May 2017 14:17 (UTC +04:00)
Azərbaycanın Vyetnamdakı səfirliyi və Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Hanoy şəhərində 3-cü “Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransı keçirilib.
3-cü "Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri" konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Vyetnamdakı səfirliyi və Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Hanoy şəhərində 3-cü “Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransı keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransda Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov konfransın Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini və bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir Azərbaycanla-Vyetnam arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, xalqlarımız arasında dostluq münasibətlərinin daha öncə qurulduğunu bildirib. Səfir 1959-cu ildə Azərbaycana səfər etmiş Vyetnamın keçmiş Prezidenti Ho Chi Minhin və 1983-cü ildə Vyetnama səfər etmiş Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqlarımız arasındakı dostluq münasibətlərinin banisi olduğunu vurğulayıb.

Səfir A.İmanov xalqlar arasında dostluq münasibətlərinin ortaq dəyərlər, mədəni oxşarlıqlar, qarşılıqlı anlayış, hörmət və etimad əsasında qurulduğunu qeyd edərək, bu xüsusda Azərbaycan və Vyetnam xalaqları arasında sıx bağların mövcud olduğunu vurğulayıb. Səfir Vyetnamda uzunmüddətli müharibə zamanı və yenidənqurma dövründə Azərbaycanın xalqının dost Vyetnam xalqına daim dəstək olduğunu, azərbaycanlı mütəxəssislərin bu ölkənin inkişafına töhfə verdiklərini qeyd etmiş və Vyetnam xalqının bu yaxşılıqları heç zaman unutmadığını vurğulayıb. Səfir konfrans iştirakçıları arasında Azərbaycanda təhsil almış vyetnamlıların xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasına əyani şahidlik etdiklərini qeyd edib və onların ölkəmizə hər zaman bağlı olmasını yüksək qiymətləndirib.

Səfir hazırda Azərbaycan və Vyetnamın yerləşdikləri regionlarda aparıcı dövlətlərdən birinə çevrildiyini qeyd edərək, hər iki ölkənin sahib olduğu zəngin mədəni irsi beynəlxalq səviyyədə uğurla təbliğ etdiyini vurğulayıb. Səfir A.İmanov Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKON-un xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Səfir ölkəmizdə humanitar və mədəniyyət sahəsində yüksək səviyyəli beynəlxalq tədbirlərin – Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə sülhə, sabitliyə, mədəni inkişafa, xalqlar arasında dialoqa, multikultural dəyərlərə böyük əhəmiyyət verməsinin göstəricisi olduğunu vurğulayıb. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı bu uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktoru Dao Xuan Tien, ənənəvi olaraq hər il keçirilən Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransının xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan mədəniyyəti haqqında vyetnam rəsmilərinin eləcə də ictimaiyyət nümayəndələrinin daha ətraflı məlumat alması baxımından böyük önəm kəsb etdiyini vurğulayıb. O, iki ölkənin mədəniyyəti arasında bir çox oxşarlıqların mövcud olduğunu qeyd edərək, hər iki xalqın ailə dəyərlərinə, milli adət-ənənələrə hörmətindən, onları qoruyub saxlamasından bəhs edib. Dao Xuan Tien, hər iki xalqın sülhsevər xüsusiyyətə malik olduğunu vurğulayaraq, Azərbaycanda olduğu kimi Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Tədbirdə həmçinin, Vyetnam Milli Musiqi Akademiyasının Rektoru Le Anh Tuan çıxış etmiş, Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar barədə öz fikirlərini bölüşüb. O, Azərbaycanda təhsil aldığı zaman ölkəmizin zəngin musiqi mədəniyyəti, milli musiqi alətlərimiz barədə yaxından maraqlandığını qeyd etmiş, Azərbaycan və Vyetnam xalqlarının yaradıcı ruha sahib olduğunu, incəsənətə böyük önəm verdiyini söyləyib. Le Anh Tuan musiqinin özünəməxsus ünsiyyət vasitəsi olduğunu nəzərə alaraq, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Beynəlxalq Frankapon İnstitunun Direktoru Ngo Tu Lap Azərbaycan və Vyetnamın müstəqillik, milli dövlətçilik naminə tarixən xarici işğalçılara qarşı mübarizə apardığını, bu amilin xalqlarımızın mədəniyyətinin formalaşmasına birbaşa təsir etdiyini qeyd edib, vətənpərvərlik və mübarizliyin Azərbaycan və Vyetnam xalqlarının xarakterik xüsusiyyəti olduğunu vurğulayıb.

Hanoy Kino və Teatr Akademiyasının Direktor müavini Nguyen Thi Thu Ha çıxışında, Azərbaycan və Vyetnam xalqlarının tarixi və mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan milli geyimlərdən bəhs edib. O, Azərbaycan və Vyetnamın milli geyimlərində qədim xalq yaradıcılığının bədii xüsusiyyətlərinin öz əksini tapdığını qeyd edib, libasların üzərində olan zərif naxışlarda, nişanələrdə, tikiliş üslubunda oxşarlıqlardan danışıb. Nguyen Thi Thu Ha, milliliyi saxlamaqla bu libaslara müasir ornamentlərin əlavə olunmasını keçmişlə müasir dövrün vəhdəti kimi qiymətləndirib.

Tədbirdə Vyetnamın xalq artisti, Rəqs Assosiasiyasının Sədr müavini Ung Duy Thinh çıxışında Azərbaycan və Vyetnam xalqlarının milli rəqsləri arasında paralellər aparıb. O, xüsusilə Vyetnamın şimalında məskunlaşmış Tay etnik qrupunun rəqsi ilə Azərbaycanın “Yallı” rəqsi arasında oxşarlığın olduğunu qeyd edərək, hər iki rəqsin həmrəylik mənası ifadə etdiyini vurğulayıb. Ung Duy Thinh, milli özünüdərketmə üçün xalqlarımızın adət-ənənələrini, o cümlədən milli rəqslərini yeni nəsillərə aşılamasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Hanoy Kino və Teatr Akademiyasının professoru Le Thi Bich Hong, Azərbaycan və Vyetnam xalqlarının adət-ənələrində ailə institunun mühüm yer tutdğunu qeyd etmiş, qloballaşan dünyada mövcud olan bir çox mənfi təsirlərə baxmayaraq hər iki xalqının ailə dəyərlərini müqəddəs hesab etdiyini, daim qoruyub saxladığını vurğulayıb. O, qadınların ailə və cəmiyyətdəki rolundan bəhs edərkən, Azərbaycan və Vyetnam qadınlarının nümunəvi həyat yoldaşı, valideyn olmaqla yanaşı ictimai-siyasi proseslərdə də həmişə fəal olduqlarını vurğulayıb, onların arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin yetişdiyini diqqətə çatdırıb.

Vyetnam Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nguyen Hoang Anh, Azərbaycan və Vyetnam musiqisinin inkişaf tarixi barədə danışarkən, hər iki xalqın tarixən mövcud olan musiqi ənələrini yaşatmaqla yanaşı, müasir dünya musiqisini də uğurla mənimsədiklərini vurğulayıb. O Azərbaycan musiqisinin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, aşıq və muğam musiqisi ilə yanaşı ölkəmizdə opera, caz və estradanın musiqisinin inkişaf etdiyini bildirib, şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans Vyetnam Milli Musiqi Akademiyasının instrumental ansamblının ifasında Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı ilə davam edib. Konfrans zamanı həmçinin 2017-ci il 5-6 may tarixlərində Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat videosu və Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş etdirilib. Tədbir Vyetnam mətbuatında geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti