...

Bakıda Türkiyənin məşhur caz qrupu konsert verib (FOTO)

Mədəniyyət Materials 8 İyun 2017 19:37 (UTC +04:00)
İyunun 7-də Bakıda Beynəlxalq Muğam Mərkəzində beynəlxalq caz layihəsi təqdim olunub.
Bakıda Türkiyənin məşhur caz qrupu konsert verib (FOTO)

Bakı. Trend:

İyunun 7-də Bakıda Beynəlxalq Muğam Mərkəzində beynəlxalq caz layihəsi təqdim olunub.

Trend-in məlumatına görə, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.

Bakılılara yay mövsümü ərəfəsində təqdim olunan caz layihəsində Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak ediblər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edib.

Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral caz layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında musiqinin çox böyük rolu var.

Diplomat bildirib ki, iki qardaş ölkə arasında bütün sahələrdə mövcud olan tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir: “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur”.

İlk olaraq səhnəyə Türkiyənin “Önder Focan ve Şalliel Bros” qrupu çıxıb.

Türkiyənin caz ifaçılarının möhtəşəm konsertindən sonra oruc tutanlar üçün iftar süfrəsi açılıb.

Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjemançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O, ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə “Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonçu qardaşlar Anil və Batuhan Şalliel iştirak ediblər.

Dinləyicilər müxtəlif ifa üslubları ilə tanış olaraq mədəniyyətlərin unikal musiqi sintezindən zövq almaq imkanı əldə ediblər.

Xəbər lenti

Xəbər lenti