...

"Kapital Bank" ASC: Banka məxsus inkassator avtomobilinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə Materials 10 Fevral 2014 12:59 (UTC +04:00)
"Kapital Bank" ASC-yə məxsus inkassator avtomobili qəzaya uğrayıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Kapital Bank" ASC: Banka məxsus inkassator avtomobilinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

"Kapital Bank" ASC-yə məxsus inkassator avtomobili qəzaya uğrayıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Avtomobildə olan pul vəsaitlərinin təhlükəsizliyi təmin edilib.

"Kapital Bank" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bankın inkassator avtomobili Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan şəxslərdən biri ölüb, ikisi isə yaralanıb. Onlardan biri "Kapital Bank"ın Nağd vəsaitlərin idarə edilməsi departamentinin Mərkəzi kassasının baş kassiri, xəsarət alanlar isə Təhlükəsizlik departamentinin İnkassasiya xidmətinin böyük inkassatoru və sürücü inkassatorlarıdır.

Kapital Bank qəza ilə bağlı rəsmi açıqlama da yayıb.

Bankın açıqlamasında bildirilir ki, qəza zamanı həlak olan şəxs kassir, yaralananlardan biri inkassator, digəri isə sürücü-inkassatordur. Yaralılar Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında yerləşdirilib.

Biləsuvar rayonuna gedərkən qəzaya uğramış maşındakı vəsaitlərin mühafizəsi üçün əraziyə dərhal başqa inkasasiya maşını göndərilib və təhlükəsizlik tədbirləri tam təmin olunub.

Hazırda yaralılara müvafiq tibbi yardım göstərilir.

Avtomobil Bakıdan Biləsuvar rayonuna pul vəsaiti aparırmış.

Hadisənin baş verməsi haqqında məlumat daxil olan kimi digər inkassator avtomobili qəza yerinə gəlib və qiymətlilərin (pulun) təhlükəsizliyi təmin edilərək mənzil başına çatdırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti