...

Xaçmazda tükürpədici qətl: Kişi arvadı və oğlu tərəfindən öldürülüb

Hadisə Materials 29 Mart 2015 13:12 (UTC +04:00)
Xaçmazda yarım il əvvəl itkin düşdüyü bildirilən kişinin həyat yoldaşı və oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.
Xaçmazda tükürpədici qətl: Kişi arvadı və oğlu tərəfindən öldürülüb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Xaçmazda yarım il əvvəl itkin düşdüyü bildirilən kişinin həyat yoldaşı və oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Trend Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, 2014-cü il oktyabrın 26-da Xaçmaz rayon sakini Məmməd Seyidov Polis şöbəsinə müraciət edərək Rəhimoba kəndində yaşayan qardaşı Binnət Seyidovun həmin il yanvarın 26-da işləmək adı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciət əsasında Xaçmaz RPŞ-də B.Seyidov barəsində axtarış işi açılıb, müvafiq araşdırmalar aparılıb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə B.Seyidovun Dağıstan Respublikasına getməsi və itkin düşməsi faktı təsdiqini tapmayıb. Onun şəxsi münaqişə zəminində arvadı Şamamanın təhriki və iştirakı ilə oğlu Əmir tərəfindən ov tüfəngindən açılmış atəşlə yatmış halda qətlə yetirildiyi, cəsədinin isə həyətdəki quyuya atıldığı müəyyən edilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq B.Seyidovun çürümüş vəziyyətdə olan cəsədi quyudan çıxarılaraq sonrakı araşdırmalar məqsədilə aidiyyatı üzrə məhkəmə-tibbi ekspertizasına verilib.

Şamama və Əmir Seyidovlar polis əməkdaşları tərəfindən tutulub, cinayətin törədilməsində istifadə edilmiş "TOZ-16" markalı tüfəng maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti