...

Ağır tonnajlı maşın körpünü bu günə saldı (FOTO)

Hadisə Materials 28 May 2015 15:01 (UTC +04:00)
Normadan artıq yüklənmiş ağır tonnajlı maşın daha bir körpünü qəzalı vəziyyətə salıb.
Ağır tonnajlı maşın körpünü bu günə saldı (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İlkin İzzət/

Normadan artıq yüklənmiş ağır tonnajlı maşın daha bir körpünü qəzalı vəziyyətə salıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb.

Körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkətidır.

Hadisə bu gecə saat 03:00 radələrində baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən daha bir normadan artıq yüklənmiş ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş verib. Nəticədə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Hazırda körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərin hərəkəti növbəli şəkildə təmin olunur. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 90-ci kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb "servis yolu"ndan istifadə etməklə yenidən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilərlər.

"Azəryolservis" ASC-nin mütəxəssisləri tərəfindən qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün müvafiq rəy hazırlanır.

Qeyd edək ki, 1991-ci ildə inşa olunmuş və 5 aşırımdan ibarət körpünün uzunluğu 90 metr, eni isə 18 metrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti