...

Polis əməkdaşı: "Birdən-birə yanğın başladı, binanı alov bürüdü"

Hadisə Materials 25 Oktyabr 2016 17:37 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Polis əməkdaşı: "Birdən-birə yanğın başladı, binanı alov bürüdü"

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə şahid qismində ifadə verən Emin Vəliyev bildirib ki, ümumi sifariş qaydasında “GlobalStone”dən nümunələr götürüb və laboratoriyaya təhvil verib: “Biz laboratoriyaya cavabdeh deyilik, mən yalnız nümunələri təqdim etmişəm. Nümunələri laboratoriyada qoymuşam, Ağacavad müəllimə verməmişəm”.

Şahid qismində dindirilən polis əməkdaşı Azər Nəsrullayev ifadəsində bildirib ki, məlum yanğın hadisəsi zamanı həmin ərazidə xidmətdə olub: “Gördük bina aşağıdan tüstüləyir. Dərhal idarəyə zəng vurduq, məlumat verdik. Yaxınlıqdakı atelyeyə, notariat kontoruna daxil olub avtomobil sahiblərinə dedik ki, maşınları ərazidən uzaqlaşdırsınlar. Bundan sonra avtomobillər hamısı çıxarıldı. Həmin vaxt prospektdə nəqliyyat az idi, sonra çoxaldı”.

Prosesdə ifadə verən şahid Standartlaşdırma, Metrologiya və Sertifikasiya İdarəsinin sabiq əməkdaşı İsrafil Yusifov isə istintaqa verdiyi ifadəsini təsdiq edib. Tərəflərin suallarını cavablandıran şahid bildirib ki, sınaq nümunələrini təhvil verdiyi şəxsin kim olduğunu xatırlamır: “Kim olduğunu unutmuşam. Amma Ağacavad müəllim deyildi”.

Hakim şahidin istintaqa fərqli ifadə verdiyini xatırladıb: “İstintaqda ifadə vermisiniz, demisiniz ki, Ağacavad müəllim sizə deyib ki, “qorelka aparatı” işləmir, sonra yoxlayaram. Bəs istilik keçirməni necə yoxladınız? Belə çıxır ki, bu hadisələrin törədilməsinə siz rəvac vermisiniz. Ağacavad müəllim qədər siz də günahkarsınız”.

Məhkəmədə FHN əməkdaşı Vüqar Əliyev şahid qismində ifadəsində bildirib ki, həyəcan siqnalı verilən kimi hadisə yerinə gedib: ”İçəridə işləyirdik, qapıları sındırırdıq, insanları təxliyyə edirdik”.

Şahid təqsirləndirilən şəxslərdən heç birini tanımadığını deyib.

Prosesdə ifadə verən polis əməkdaşı Elnur Məmmədov təqsirləndirilən şəxsləri tanımadığını deyib və həmin vaxt yanğın baş verən binanın yaxınlığındakı ərazidə xidmətdə olduğunu deyib: “Həmin vaxt protokol yazırdım, gördüm tüstü ətrafı bürüyüb, yarımçıq qoyub getdim binaya doğru. İdarəyə, FHN-ə məlumat verdik. Birdən-birə yanğın başladı, binanı alov bürüdü”.

Məhkəmə prosesi oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti