...

Hakim oğlunu vuran avtomobildəki şahid: Zərərçəkmişə heç bir kömək etmədik

Hadisə Materials 29 Noyabr 2016 12:32 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Hakim oğlunu vuran avtomobildəki şahid: Zərərçəkmişə heç bir kömək etmədik

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimov vəkillərindən biri Adil Ağayevin prosesə gəlmədiyi üçün məhkəmənin təxirə salınmasını istəyib. Lakin məhkəmə prosesi R.Kərimovun digər vəkilinin iştirakı ilə davam etdirib.

Prosesdə ifadə verən şahid Nəsimi Rayon Mühafizə Xidmətinin əməkdaşı Şakir Quliyev deyib ki, hadisə zamanı təxminən 200 metr aralıda olub. O bildirib ki, qəza zamanı səs eşidib, lakin, dəqiq heç nə görməyib: "Bir nəfər maşının qabağında idi. Ondan nə baş verdiyini soruşdum. Həmin şəxs də əli ilə maşını göstərdi. Maşının qarşısından Rüfəti dartıb çıxardım, təcili yardıma zəng etdim. Onun ayaqları sınmışdı, daxili qanaxması var idi".

Şahid qismində dindirilən Rauf Şükürlü isə hadisə zamanı qəza törədilən avtomobilin içində olduğunu deyib. O, təqsirləndirilən R.Kərimovu uşaqlıqdan tanıdığını deyib: "Həmin gün Rəhimlə görüşüb, Nərimanov metrosunun yanına getdik. Orada dostumuz Muxtarı götürdük, sonra da Musa gəldi. Sonra Muxtarı evə apardıq. Hadisə olanda mən qabaqda oturmuşdum. Yuxuu idim. Qışqırıq olanda gözlərimi açdım, şokdan ayıldım. Zərərçəkmişə heç bir kömək etmədik, ora-bura gəzirdim. Musa həmin şəxsi yerdə qucaqlamışdı, Rəhim isə sınmış əlini tutub dayanmışdı".

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonu, Bülbül prospektində Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib. Hadisədən sonra R.Kərimov Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264-cü maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tərtər Hərbi Məhkəməsinin hakimi E.Allahverdiyevin oğlu R.Allahverdiyev ADA Universitetinin 3-cü kurs tələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti