...

Daha iki vəkil Rüfət Səfərovun müdafiəsinə qoşulub

Hadisə Materials 14 Mart 2017 10:11 (UTC +04:00)
Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun müdafiəsinə daha iki vəkil qoşulub.
Daha iki vəkil Rüfət Səfərovun müdafiəsinə qoşulub

Bakı. Samir Əli - Trend:

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun müdafiəsinə daha iki vəkil qoşulub. Bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Onbun sözlərinə görə, R.Səfərovun müdafiəsinə vəkillər - Fariz Namazlı və Yalçın İmanov da qoşulub. Bundan sonra R.Səfərovun hüquqlarını 3 vəkil müdafiə edəcək.

B.Bayramov bildirib ki, martın 13-də 9 saylı Cəzaçəkmə Müəssisəsində R.Səfərovla görüşüb: "Saxlanma şəraitindən narazılığı yox idi. Əsəblərini müalicə etmək üçün dərmanlar qəbul edir".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti