Bakı. Trend:
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib.
Yoxlama nəticəsində vətəndaşın alt geyimində 3 ədəd paketdə 300 ədəd metadon adlı həb aşkar edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 300 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 12,0 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.