...

Prokuror keçmiş MTN polkovnikinə 15 il cəza istədi

Hadisə Materials 15 May 2017 20:39 (UTC +04:00)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror keçmiş MTN polkovnikinə 15 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işində olan sənədlərin elan edilməsi mərhələsi başlayıb. Hakim bildirib ki, cinayət işi 15 cilddən ibarətdir.

İlk olaraq "Texnikabank" ASC-nin "Bakı" filialının rəhbəri Zal Yusifov və digər şəxslərin barəsində başlanmış cinayət işi üzrə qərar elan edilib. Qərarda göstərilib ki, cinayət işi üzrə istintaqın aparılması üçün istintaq qrupu yaradılıb: "MTN-nin baş istintaq idarəsinin rəisi Mövlan Şıxəliyevin qərarı ilə yaradılan istintaq qrupuna rəhbərliyi Vüsal Ələkbərov həyata keçirib. Amma istintaq qrupunun müstəntiqlərdən ibarət üzvü olub".

Daha sonra bu cinayət işində zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun həbs edilməsi, sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəmə qərarları açıqlanıb.

Sonra Vüsal Ələkbərovun evinin fotoları nümayış etdirilib. Həmçinin onun barəsində Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov tərəfindən 4 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılması barədə qərarlar elan edilib. Vüsal Ələkbərov qərarlara etiraz edib.

Sonra zərərçəkmiş iş adamı Hüseyn Səfərovla bağlı hissədə sənədlər elan edilib. Bu zaman prosesdə gərginlik yaranıb və Hüseyn Səfərov təqsirləndirilən şəxslə mübahisə edib. Hüseyn Səfərov bildirib ki, onun zərərçəkmişlərə ziyan vurması Vüsal Ələkbərov tərəfindən yalandan yazılıb.

Tərəflərin mübahisəsini sakitləşdirən hakim daha sonra sənədləri elan etməkdə davam edib. Nizami Kazımov və Hüseyn Səfərovun barəsində 2009-cu ildə aparılan sənədlərin araşdırlması, şahidlərin ifadələrinin elan edilməsi də mübahisə yaradıb.

Bu zaman Vüsal Ələkbərov deyib ki, cinayət işinin başlanmasına da, cinayət təqibinə xitam verilməsi məsələlərinə də prokurorluq nəzarət edib.

Cinayət işinin 7-ci cildinin elan edilməsi zamanı da mübahisə yaranıb. Vüsal Ələkbərov həmin cilddə olan Zal Yusifov və digərlərinin barəsində olan 613 saylı cinayət işində çıxarılan çıxarışların tamamilə elan edilməsini istəyib. Bildirib ki, həmin sənədlər elan olunduğu halda barəsində cinayət tərkibinin olmadığı, günahsız olduğu sübuta yetiriləcək.

Bundan sonra 7-ci cild və digər cildlərdə olan sənədlər açıqlanıb.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib və çıxış etmək üçün prokurora söz verilib. İttiham nitqi ilə çıxış edən prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Növbəti məhkəmə iclası mayın 22-də davam edəcək.

İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İttihama əsasən, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Qeyd edək ki, həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti