...

QAPALI HƏBSXANADA İNTİHAR ETDİYİ BİLDİRİLƏN DUSTAĞIN YAXINLARI ONUN QƏTLƏ YETİRİLDİYİNİ SÖYLƏYİRLƏR

Hadisə Materials 2 Sentyabr 2005 17:00 (UTC +04:00)

Avqustun 7-də Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Qobustan Qapalı Həbsxanasında dünyasını dəyişmiş dustaq Elçin Elşad oğlu Şahmalıyevin ailə üzvləri məhkəməyə müraciət edəcək. Bu barədə Trend ə mərhum dustağın anası Pərixanım Məmmədova söyləyib.

P.Məmmədovanın sözlərinə görə, 31 yaşlı oğlu qəsdən adamöldürmə cinayətinə görə ömürlük həbs cəzasına məhkum olunub və cəzasını Qobustan Qapalı Həbsxanasında çəkirmiş. Avqustun 7-də həbsxanadan onlara məlumat verilib ki, Elçin dünyasını dəyişib.

Ailə üzvləri həbsxanaya gəliblər və burada onlara hadisənin karserdə baş verdiyi söylənilib. Bildirilib ki, karserə salınan Elçin Şahmalıyev özünü şalvarı ilə asıb. Ailə üzvləri ilk anlarda verilən məlumatın doğruluğuna inansalar da, sonradan onlarda ölüm faktı ilə bağlı şübhələr yaranıb.

Belə ki, onlar Elçinin işgəncələrlə öldürülməsi barədə məlumat əldə ediblər və özləri meyitə baxış keçiriblər. Nəticədə meyitin üzərində küt alətlə yetirilmiş xəsarət izləri, göyərtilər, kürək hissəsində kəsik izləri, cinsiyyət orqanında isə zərbə nəticəsində qaralmalar müşahidə ediblər.

Sonradan bu faktı sübut etmək üçün meyitin üzərindəki xəsarətlər fotolentə köçürülüb. Qeyd edək ki, həmin fotoşəkillərdə həqiqətən də meyitin üzərindəki xəsarətlər aşkar şəkildə görünür.

Məsələyə münasibəti öyrənmək üçün Qobustan Qapalı Həbsxanasının rəisi Sədaqət Əliyevə müraciət etdik. Rəis əvvəlcə həmirn dustağın karserdə intihar etdiyini bildirdi.

Rəisə məhbusun yaxınlarının təqdim etdiyi fotoşəkillərdə meyitin üzərindəki xəsarətlərin aşkar hiss olunması ilə bağlı sualımız isə cavabsız qaldı. Həbsxana rəisi ölüm faktı ilə bağlı konkret fikir söyləmədi.

Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov isə bizimlə söhbətində bildirdi ki, hazırda ölüm faktı ilə bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq davam edir.

Əgər mərhum dustaq Elçin Şahmalıyevin ailə üzvləri onun qətlə yetirildiyini iddia edirlərsə və onlarda meyitin üzərində xəsarətlər olan şəkillər varsa, buyurub istintaqa təqdim edə bilərlər.

Lakin mərhumun anası Pərixanım Məmmədova bildirir ki, həmin şəkilləri Qaradağ rayon Prokurorluğunun müstəntiqi Əbülfət Ələsgərova dəfələrlə təqdim etsələr də, müstəntiq şəkilləri götürməyib. Bildirib ki, həmin şəkillərdən cinayət işi materialları arasında var.

Qaradağ rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə isə ölüm faktı üzrə cinayət işi Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) başlanıb. Məhkəmə tibb ekspertizasının rəyi isə hələlik bəlli deyil. Rəy alındıqdan sonra ölümün hansı səbəbdən baş verməsi barədə fikir söyləmək olar.

Xəbər lenti

Xəbər lenti