...

31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd Qeyrət Quliyev həlak olub

Hadisə Materials 31 Oktyabr 2005 13:33 (UTC +04:00)

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Qeyrət Bağır oğlu Quliyev oktyabrın 31-də həlak olub. Trend in məlumatına görə, təxminən saat 10.30 radələrində metronun "Bakı Soveti" stansiyası yaxınlığında Q.Quliyev öz avtomobilində olarkən qəza edib. Ərazidə olan polis əməkdaşlarının bildirdiyinə görə, o, özünün idarə etdiyi "Jiquli"-06 markalı maşınını yolun kənarında dayanmış "QAZ"-31 markalı maşına çırpıb. Polislərin sözlərinə görə, həmin vaxt onun maşını sönülü vəziyyətdə idi. Polis əməkdaşları Q.Quliyevi əzilmiş maşından çıxararkən o, hələ sağ idi. Lakin təcili tibbi yardım maşını gələnə qədər Q.Quliyev artıq keçinib.

Ölümü ilə bağlı ilkin səbəb kimi onun avtomobili idarə edərkən qəfildən ürək tutmasının baş verdiyi göstərilir. Əraziyə gələn həkim saat 10.47-də çağırış qəbul etdiklərini deyib, hadisə yerinə çatanda isə yaralının artıq keçindiyini görüb.

Q.Quliyev 1961-ci ildə anadan olub, Milli Azadlıq Hərəkatının fəallarından biri, bir neçə il əvvəl isə Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Şurasının üzvü olub, ayrı-ayrı qəzetlərin yazarı kimi tanınıb, "Gənc Siyasətçilər Hərəkatı" adlı təşkilatın rəhbəri idi. O, 6 noyabr 2005-ci ildə keçiriləcək parlament seçkisində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini fərdi qaydada irəli sürmüşdü.

Xəbər lenti

Xəbər lenti