...

İstintaqçılar Qazaxdakı partlayışla əlaqədar ekspertlərin rəyini gözləyirlər

Hadisə Materials 14 Noyabr 2005 16:20 (UTC +04:00)

Oktyabrın 21-də Qazaxla Ağstafanın sərhəd kəndində baş vermiş partlayışla bağlı Qazax rayon Prokurorluğunun istintaqçıları ekspertlərin rəyini gözləyirlər. Bu barədə Trend ə Qazax rayon prokurorunun köməkçisi Kürdoğlu Alıyev məlumat verib.

"Metal qəbulu məntəqəsində baş vermiş partlayışla bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir. Hazırda iş üzrə təyin edilmiş məhkəmə-texniki təhlükəsizlik, texniki-partlayış və tibbi ekspertizanın cavablarını gözləyirik", - deyə prokuror köməkçisi qeyd edib.

K.Alıyevin sözlərinə görə, insan tələfatı ilə nəticələnmiş hadisəylə əlaqədar metal qəbulu məntəqəsinin rəisi Faiq Kərimov həbs edilib və hazırda istintaqçılar tərəfindən dindirilir. ANAMA-nın partlayış baş vermiş ərazidə apardığı təmizləmə işləri isə davam etdirilir.

Prokuror köməkçisi noyabrın 10-dan 11-nə keçən gecə rayon ərazisində baş vermiş növbəti partlayışın da təmizlənməmiş sursatlarla əlaqəli olması ehtimalını istisna etməyib.

"Partlayış bitki yağları istehsalı müəssisəsinin ərazisində baş verib və hazırda ANAMA-nın əməkdaşları həmin ərazidə sursat axtarışı ilə məşğuldur", - deyə Kürdoğlu Alıyev söyləyib.

Prokuror köməkçisi onu da bildirib ki, sonuncu hadisə zamanı partlayışın dalğası zəif olduğu üçün dağıntı və itki qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti