...

Göytəpə sərhəd dəstəsində baş vermiş partlayışla əlaqədar məhkəmə-ballistik ekstpertizası təyin olunub

Hadisə Materials 9 Fevral 2006 19:57 (UTC +04:00)

Fevralın 3-də Göytəpə sərhəd dəstəsində baş vermiş partlayışla əlaqədar məhkəmə-ballistik ekspertizası təyin olunub. Bu barədə Trend ə Lənkəran şəhərinin hərbi prokuror əvəzi Abdulla Abdullayev məlumat verib.

"Faktla əlaqədar Lənkəran şəhər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2 (silahla, ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma) cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Partlayışın başvermə səbəbi ballistik ekspertiza başa çatdıqdan və rəy istintaqa təqdim olunduqdan sonra aydınlaşacaq" - deyə A.Abdullayev bildirib.

A.Abdullayevin sözlərinə görə, nə şübhəli, nə təqsirləndirilən, nə şahid qismində istintaqa cəlb olunan yoxdur. "Partlayış kassirin xidməti otağında baş verib. Həmin vaxt isə hərbi hissədə sıra düzümü keçirilirmiş. Bu səbəbdən də hadisənin necə baş verdiyini görən olmayıb" - deyə o vurğulayıb.

Prokuror əvəzi hadisə yerinin müayinəsi ilə bağlı məlumat verməkdən imtina edib və bunu istintaq sirrinin pozula biləcəyi ilə əlaqələndirib.

Qeyd edək ki, fevralın 3-də Göytəpə sərhəd dəstəsinin kassir otağında baş vermiş partlayış nəticəsində kassir Firudin Cəfərov həlak olub.

Xəbər lenti

Xəbər lenti