...

Qədim Gəncənin qala divarlarının tarixi və bu günü (FOTO)

Maraqlı Materials 16 Aprel 2016 16:22 (UTC +04:00)
Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarix boyu ticarət və mədəniyyət mərkəzi olan bu şəhər, həm də böyük savaşların şahidinə çevrilib.
Qədim Gəncənin qala divarlarının tarixi və bu günü (FOTO)

Bakı. Trend:

Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarix boyu ticarət və mədəniyyət mərkəzi olan bu şəhər, həm də böyük savaşların şahidinə çevrilib. Bu gün şəhər sakinləri arasında bu tarixə böyük hörmətlə, qayğı ilə yanaşanlar da var, qədim abidələrin ərazisini zibilliyə çevirənlər də...

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, indi yalnız qırıntıları və bürclərindən bəzi hissələr qalan Gəncə qala divarları 10-cu əsrin yadigarıdır. Həmin vaxt Şəddadilər dövlətinin paytaxtı olan şəhərin məşhur Gəncə darvazası da məhz bu qalanın üzərində dəmirçi İbrahim tərəfindən inşa edilmişdi. Amma bu gün tarixi mənbələrdən təsəvvür etdiyimiz həmin cah-cəlalın cüzi bir hissəsi qalıb. 1139-cu ildə baş verən Gəncə zəlzələsi Göygöl kimi əsrarəngiz gözəlliklə yanaşı, bu cür xarabalıq da yaradıb. İndi arxeoloji qazıntılar nəticəsində üzə çıxan qala divarları və bürclər isə bəzilərinin özlərinə tarix yaratmaq arzusunda olduğu faktlardır.

Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Fəqan Məmmədov bildirib ki, qədim Gəncənin ərazisinə ikiqat qala divarları çəkilib: "Həmin divarlar isə 70, 80 sm qalınlığında olub. Qala divarlarının birinci hissəsi kərpicdən, ikinci hissəsi isə palçıq və saman qarışığından tikilib. Hətta etnoqrafik məlumatlara görə, tikilinin möhkəmliyini artırmaq üçün at quyruğunun tüklərindən də istifadə edilib".

Sözügedən arxeoloji abidə Gəncənin qala divarlarının bir hissəsidir. Sadəcə, Gəncə çayının sahilindəki divarlardan fərqli olaraq, bu, fərdi yaşayış evinin bağında yerləşir. Qoruq İdarəsi ilə ev sahibi arasında akt tərtib olunaraq, mühafizə müqaviləsi imzalanıb ki, nəticədə abidə qorunur.

Lakin qala divarlarının Gəncə çayının sahilində yerləşən hissəsindəki mənzərə təəssüf hissi yaradıb. Səbəb ərazidəki məişət tullantılarıdır. Dəfələrlə ərazidə aidiyyəti qurumlar tərəfindən təmizlik işləri aparılsa da, dəyərlərimizə etinasız yanaşan bəzi sakinlər tariximizi çirkləndirmək "hobbi"lərindən əl çəkmək istəmirlər...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti