...

Məhkumların əl işlərindən ibarət sərgi (FOTO)

Maraqlı Materials 4 May 2016 21:28 (UTC +04:00)
Mayın 4-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində Xidmətin tabe qurumlarında saxlanılan məhkumların əl işlərinə və cəzaçəkmə müəssisələrində istehsal olunan məhsulların nümayişinə həsr olunan sərgi keçirilib.
Məhkumların əl işlərindən ibarət sərgi (FOTO)

Bakı. Trend:

Mayın 4-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində Xidmətin tabe qurumlarında saxlanılan məhkumların əl işlərinə və cəzaçəkmə müəssisələrində istehsal olunan məhsulların nümayişinə həsr olunan sərgi keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə millət vəkilləri, Ombudsman Aparatının, beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, İctimai Komitənin üzvləri, Ədliyyə Nazirliyi Aparatının və Penitensiar Xidmətin məsul əməkdaşları, eləcə də kütləvi informasiya vasitələri iştirak ediblər.

Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən ədliyyə general-mayoru Hüseyn Əlixanov Ədliyyə Nazirliyinin rəhbərliyi adından qonaqları salamlayaraq bildirib ki, sərginin təşkilində məqsəd, ilk növbədə, penitensiar müəssisələrdə məhkumların faydalı əməklə məşğulluğunun təmin edilməsi, cəzanın məqsədi olan məhkumların islahına nail olunması üçün onların cəza çəkdiyi müddət ərzində, eləcə də cəza yerlərindən azad olunduqdan sonrakı dövrdə cinayətkar meyillərə deyil, cəzaçəkmə müəssisəsində mənimsədikləri peşələri davam etdirmək imkanı vermək, cəmiyyətdə məhkumlar barədə olan mənfi fikirləri dəyişməkdir.

O, qeyd edib ki, cəzadan azad olunan məhkumların işlə təmin olunması onların yenidən cinayət törətməsi ehtimalını azaldır. Məhz buna görə də yeni iş yerlərinin açılmasına köməklik göstərilməsi məqsədilə sahibkarların və iş adamlarının cəzaçəkmə müəssisələrində istehsal prosesinə cəlb olunmalarını və Penitensiar Xidmətlə işgüzar əlaqələr qurmalarını istərdik.

Tədbir iştirakçıları 17 cəzaçəkmə müəssisəsini əhatə edən 342 eksponatdan ibarət sərgi ilə yaxından tanış olublar. Məhkumların fərdi əməyinin məhsulu olan müxtəlif çeşidli suvenirlər və bəzək əşyaları, eləcə də istehsalat nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda qonaqlar 6 saylı cəzaçəkmə müəssisəsinin təsərrüfat sahələrini gəzərək istehsal prosesi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti