...

Mübariz Əhmədovğlu: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin "yol xəritəsi"ni hazırlamalıdırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2014 13:15 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri bu il mayın 12-də verdiyi bəyanatlarından çıxış edərək BMT Təhlükəsizlik Şurasına təqdim edilmək üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin "yol xəritəsi"ni hazırlamalıdırlar. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.
Mübariz Əhmədovğlu: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin "yol xəritəsi"ni hazırlamalıdırlar

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

ATƏT-in Minsk qrupunun həmsədrləri bu il mayın 12-də verdiyi bəyanatlarından çıxış edərək BMT Təhlükəsizlik Şurasına təqdim edilmək üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin "yol xəritəsi"ni hazırlamalıdırlar. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 12 may 2014-cü ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin qəbul etdiyi qətiyyətli bəyanat vasitəçilik missiyasının uğurla başa çatması üçün siyasi və hüquqi əsaslar yaradır: "12 may bəyanatında yer almış "işğal olunmuş ərazilər" termini kifayət qədər ciddi məsələdir. Beynəlxalq hüquqda işğal faktı var, işğalın miqdarı faktı mövcud deyil. 1 kv.sm ərazinin işğalı ilə 1 milyon kv.km ərazinin işğalı arasında hüquqi baxımdan heç bir fərq yoxdur. Ermənistanın Dağlıq Qarabağ münaqişəsini tənzimləmək fikri yoxdur. Ona görə də qətiyyətli həmsədrlərin Ermənistanı yenidən dayanıb gözləməyə haqları çatmır. ATƏT MQ vasitəçiləri BMT Baş Assambleyasının 2009-cu ildə qəbul etdiyi 62/228 nömrəli qətnaməsinə əsasən fəaliyyət göstərirlər. BMT Baş Assambleyasının bu sənədində vasitəçiliyin zaman normativləri də müəyyənləşib. Vasitəçilik missiyası üç ay ərzində effekt verməzsə, onu reallaşdıran qurum məsələni BMT TŞ qarşısında qaldıra bilər. Eləcə də tərəflərə bu məsələni BMT TŞ qarşısında qaldırmağı tövsiyə edə bilər".

Politoloq hesab edir ki, vasitəçilərin 20 ildən çox fəaliyyəti nəzərə alınsa, onların Ermənistan tərəfinə birdən-birə ultimatum verməsi ağlabatan deyil. Amma qarşıdakı 3 ay üçün atılacaq addımlardan ibarət "yol xəritəsi" hazırlayıb Azərbaycan və Ermənistana təqdim etməlidirlər: "Yol xəritəsi"ndə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı əraziləri demilitarizasiyası, bu əraziləri Azərbaycana qaytarması, Ermənistanın öz hərbçilərinin Dağlıq Qarabağ ərazisində xidmətini qadağan etməsi konkret tarixlərlə göstərilməlidir. Azərbaycanın artan hərbi fəallığının 3-4 ay ərzində idarəçiliyi də "yol xəritəsi"ndə göstərilməlidir. 12 may bəyanatı əsasında hazırlanmış "yol xəritəsi"ni hansı ölkə reallaşdırmazsa, o zaman həmin ölkənin məsələsi BMT TŞ-də qaldırılmalıdır. BMT TŞ-nin sanksiyaları ilə üzləşən Ermənistan qısa müddət ərzində qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaracaq və praktiki tənzimləmə başlayacaq".

Onun fikrincə, xüsusi qeyd olunmalıdır ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı irəliyə doğru atılan addımdır və qətiyyətlilik nümunəsidir: "Mayın 12-də atəşkəs rejiminin 20 illiyi ilə əlaqədar ATƏT MQ həmsədrləri bəyanat yaydılar. Bu bəyanatın qətiyyəti ilk növbədə diqqəti çəkir. Lakin bu bəyanatın daha 3 parametri Dağlıq Qarabağ tənzimlənməsində ciddi uğur hesab edilə bilər. Birincisi, bu bəyanatda ilk dəfə olaraq Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal olunmuş ərazilər adlandırıldı. Həmsədrlərin bu bəyanatı siyasi olmaqla yanaşı, həm də hüquqi sənəddir. İkincisi, ilk dəfə olaraq ATƏT MQ həmsədrləri 2009-cu il iyunun 10-da İtaliyanın Akvil şəhərində həmsədr ölkə prezidenlərinin imzaladığı və ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılmış Madrid Prinsiplərinin yenilənmiş variantını olduğu kimi bəyanatlarına daxil etdilər. Belə ki, ATƏT MQ danışıqlar masası üzərində yalnız 2009-cu il iyunun 10-da həmsədr ölkə prezidentləri tərəfindən imzalanmış sənədin olduğunu rəsmən təsdiqlədilər. Kazan görüşü də daxil olmaqla Ermənistan həmişə 2009-cu il sənədinin mahiyyətini 2008-ci ildə ATƏT MQ həmsədr ölkələrinin xarici işlər nazirlərinin imzaladığı və Rusiya Federasiyası xarici işlər naziri tərəfindən yayılmış sənədə doğru dəyişmək istəyir. Ermənilərin bu cəhdlərinə ATƏT MQ həmsədrləri son qoydu. Üçüncüsü, həmsədrlər "amerikan variantını" inkar etdilər. Amerikalı həmsədr Yenilənmiş Madrid Prinsiplərinin altı maddəsini təqdim etmişdi. Bu zaman o, birinci və ikinci maddələrdə daimi və aralıq statuslar məsələsinin həllini ön plana çıxarmışdı. Həmsədr ölkə prezidentlərinin Akvil sənədində, eləcə də ATƏT MQ həmsədrlərinin son bəyanatında altı maddənin birincisi Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını təsbit edir. Eləcə də həmsədrlərin 12 may bəyanatı "amerikan variantı"ndan fərqli olaraq Dağlıq Qarabağ ərazisi ilə Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusları arasında hüquqi dissonans yaratmır. 12 may bəyanatında Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusu işğal olunmuş ərazi statusudur. Bu, bir mənalı şəkildə Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özünün ərazisinin statusu isə Azərbaycan və Ermənistan tərəfdən qarşılıqlı razılaşma əsasında müəyyən olunmalıdır".

Beləliklə, mərkəzin direktorunun qənaətincə, ATƏT MQ həmsədrləri öz çiyin yoldaşlarının qərəzli ermənipərəstliyinin qarşısını aldılar. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas mübahisə nəyin birinci olması üstündədir. Ermənilər tələb edirlər ki, əvvəlcə Dağlıq Qarabağın statusu müəyyənləşməli, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Yalnız bundan sonra ərazilər Azərbaycana qaytarıla bilər. Azərbaycan isə hesab edir ki, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalı, sonra isə statusun müəyyən olunması ilə bağlı proseslər başlanmalıdır.

M.Əhmədoğlunun fikirncə, amerikalı həmsədr Ceyms Uorlikin təqdim etdiyi "amerikan variantı" ortalığa mühüm geosiyasi məsələlər ortaya çıxarıb: "Əvvəla, Uorlik digər həmsədr ölkələrin də mayın 12-də bəyanat qəbul edəcəyindən xəbərdar imiş. Belə ki, "işğal olunmuş ərazilər" termini hər iki variantda işlənir. Digər tərəfdən, Uorlikin iki gün dözməyib bilərəkdən tələsməsi daha çox diqqəti çəkir. O, həmçinin öz bəyanatını "amerikan variantı" adlandırır. "Amerikan variantı" Akvil sənədi ilə, eləcə də sonralar yayılmış ATƏT MQ həmsədrlərinin 12 may bəyanatı ilə müqayisədə prinsipial fərqə malikdir. Uorlikin "amerikan variantı" yalnız ermənilərin arzularına uyğundur: Əvvəlcə status, sonra isə ərazi. Mühüm məsələlərdən biri də odur ki, Uorlikin "amerikan variantı" dərhal Böyük Britaniyanın Avropa məsələləri naziri David Lidinqton tərəfindən dəstəkləndi. Hətta Lidinqton bir az da qabağa gedərək Dağlıq Qarabağı Azərbaycan və Ermənistanla bərabər münaqişənin tərəfi kimi göstərdi. Britaniyanın Avropa məsələləri naziri Lidinqtonun Dağlıq Qarabağla əlaqəli mövqeyi Böyük Britaniya Xarici İşlər Nazirliyinin mövqeyinin tam ziddinədir. Belə ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qoşulması istiqamətində aktivlik nümayiş etdirir. Bu arada ermənilər anqlosakson nəzəriyyələrinin xeyrinə reveranslar etdilər".

Mərkəzin direktoru qeyd edib ki, C.Uorlikin mayın 12-ni gözləmədən "amerikan variantı"nı açıqlaması, Böyük Britaniyanın Avropa işləri üzrə naziri D.Lidinqtonun onu dəstəkləməsi Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz regionuna səfəri ilə eyni vaxtda düşdü. F.Olandın Cənubi Qafqaz regionuna səfəri ehtimal ki, ABŞ və Böyük Britaniyada qısqanclıq yaradıb: "O da nəzərə alınmalıdır ki, Ollandın Cənubi Qafqaza səfərinin əsas məqsədi Azərbaycanla əlaqələrin inkişafı idi. Ermənistanla Fransa arasında illik dövriyyəsi 81,9 milyon dollar olduğu halda Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard dollar hüdudlarındadır. Bu səbəbdən Fransanın əvvəlki prezidentləri Jak Şirak və Nikola Sarkozidən fərqli olaraq Olland Azərbaycana səfər etdi, Ermənistana isə sonra yola düşdü. Azərbaycanın neft-qaz yataqlarının mənimsənilməsində BP-nin müxtəlif oyunları, TOTAL-la rəqabətləri də nəzərə alınsa, mənzərə tam aydın olur. Həm də Olland Ermənistanda açıq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həqiqi həlli tapılmalıdır. Başqa sözlə, Olland açıq mətnlə ermənilərə bildirdi ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həlli hesab etdikləri variant həll variantı deyil. Əsl həll variantı ermənilərin həllindən fərqlənir. Qərbin 3 iri dövləti arasındakı rəqabət və ya qısqanclıq Rusiyanın lehinə işləyə bilər. İndi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya və Fransanın mövqeyi ədalətli, ABŞ və Böyük Britaniyanın mövqeyi isə ermənipərəst kimi görünür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti